Siyasət

İlham Əliyev Binəli Yıldırımı və Bağdad Amreyevi qəbul etdi

Prezident İlham Əliyev noyabrın 5-də Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib. Bu barədə prezidentin Mətbuat Xidməti məlumat yayıb. Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.

Bu gün ölkə başçısı İlham Əliyev həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi də qəbul edib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşıdakı Zirvə görüşünə toxunularaq bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi bildirilib və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə bu Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilk növbədə dövlət başçısını Zəfər günü münasibətilə təbrik edib, bu Qələbədən yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının şərəf hissi duyduğunu vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçısı Vətən müharibəsi zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və şəxsən Baş katib Bağdad Amreyevin Azərbaycanın haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button