Cəmiyyət

“Hökm Allahındır, insan sadəcə öz yazısını yazır”- Rasim Quliyevə hökm oxundu

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılıb.

Bu gün baş tutan prosesdə Rasim Quliyev son söz deyib. O, günahsız olduğunu, əsl zərərçəkmişin özü və ailəsi olduğunu qeyd edib.

“Hamınıza məlum olduğu kimi, mən əsassız olaraq etmədiyim cinayət əməllərində ittiham olunuram. Mən daima dövlətçiliyə, prezidentimizə xidmət etmişəm və harda olacağımdan asılı olmayaraq da bu əqidəmdən dönən deyiləm.

2001-ci ildən Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsini icra etmişəm. Müzakirə olunan bu tikintiyə 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən icazə verilib və müvafiq sənədləşmə işləri orada söküntü, təmir-tikinti işləri başlayıb. Həmin zamanlarda hara necə nə ziyan dəyibsə mənim məlumatım olmayıb. Mənim məlumatım ola da bilməzdi, çünki mən Aparat rəhbəri idim, nə icra hakimiyyətinin başçısı idim, nə də ki, memarı. 2017-ci ildə mənə göstəriş verilib ki, rəhbərlik ilə razılaşdırılıb və sən İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinin səlahiyyətini müvəqqəti icra edəcəksən, yalnız ümumi nəzarət isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən həyata keçiriləcəkdir. Buna dair xüsusi Sərəncam da vardır. Həmin Sərəncam da cinayət işinin materiallarındadır. Vəzifə səlahiyyətlərinin ötürülməsində isə məhkəmə istintaqı dövründə müxtəlif qurumlar və aidiyyatı şəxslər arasında yazışmalardan sübut olundu ki, heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməyib.

Məhkəmə prosesində də məlum oldu ki, mənim adıçəkilən tikinti şirkəti haqqında və aparılmış işlər barədə heç bir məlumatım olmayıb. Bu məhkəmə istintaqı sənədlərindən də tam sübut olunur, tikinti şirkətinin rəhbəri də ifadəsində bunu xüsusi qeyd edib.

Mənim bu məsələyə hər hansı bir aidiyyətim olmayıb. 2018-ci ildə mənim tərəfimdən imzalanmış Sərəncam isə artıq sökülmüş, sakinləri köçürülmüş, 5 mərtəbəsi yenidən inşa edilmiş binada tikinti işlərinin davam etdirilməsi üçün həmin vaxt qüvvədə olan 2012 və 2015-ci illərin Sərəncamlarına istinadən verilibr. Bu Sərəncam İcra Haikmiyyətinin memarlıq baş idarəsi tərəfindən hazırlanıb, aidiyyatı qurumlar tərəfindən rəsmi rəylər təqdim olunmuş və bu səbəbdən tərəfimdən tikintinin davam etdirilməsinə icarə verilib. Mən memar deyildim, mən tikinti mütəxəssisi deyildim, mən yalnız verilmiş rəylərə əsasən və daha öncə verilmiş və həmin zaman qüvvədə olmuş Sərəncamlara istinadən yeni Sərəncam vermişəm. Bir sözlə, bu mövcud rəylər aidiyyatı mütəxəssislər tərəfindən verilir, və rəylər ola-ola mənim həmin Sərəncamı verməməyə bir əsasım da yox idi. Necə ki, məhkəmə və istintaq misal üçün ölüm işində ekspertiza təyin edir və daha sonra cinayət işində həmin ekspertiza rəylərinə istinad edilir. Mən də həmin rəylərə istinad etmişəm və Sərəncam vermişəm. Məhkəmə prosesində bu məsələsə tam olaraq sübut olunub bunu da biz hamımız bilirik hörmətli prokuror da bilir, digər proses iştirakçıları da çox gözəl anlayırlar.

Möhtərəm hakim, Sizin üzərinizə böyük yük düşür. Siz bu gün ədalətli qərar qəbul etməklə, hüququn və vicdanın aliliyinin qorunmasını təmin etməklə, eyni zamanda hüquqşünas həmkarlarınızın xətasını düzəltmiş olacaqsınız. Sanki dostunuzu səhvdən, oddan, atəşdən qorumaq üçün ona əlinizi uzadıb xilas etməlisiniz. Bu gün bəlkə onun xoşuna gəlməyə bilər, ilk baxışda öz səhvini görməyə bilər, bəlkə də təkəbbür edər, amma ilahi ədalət təcəlli edəndə sizə minnətdar olacaq. Mən bir daha qeyd edirəm ki, mən tam olaraq özümü təqsirsiz hesab edirəm, mən qanunsuz heç bir şey etməmişəm və bunu cinayət işinin materialları, o cümlədən şahid ifadələri, zərərçəkən kimi tanınan tərəflərin zərərin forması, mahiyyəti, dəyəri barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmələri sübut edir.

Burada əsil zərərçəkən mən və ailəmdir.

Sizdən Allaha və qanuna əsaslanaraq ədalətli qərar qəbul edərək mənə bəraət verilməsini xahiş edirəm.

Sizə hörmət və etiramımı bir daha ifadə edərək xatırladıram ki, hökm Allahındır insan sadəcə olaraq, öz imtahanını verir, öz yazısını yazır”- deyə Rasim Quliyev sözündə bildirib.

Hökmə sasən Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı R.Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi .

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button