İqtisadiyyat

Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 620,42 milyon ABŞ dolları olub

Hindistanın Azərbaycandakı Səfirliyi Hindistanın Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) ilə birlikdə elektronika və kompüter avadanlığı/ proqram təminatı məhsulları üzrə B2B Vebinar təşkil edib.

İstiqlal.az xəbər verir ki,Hindistanın Müstəqilliyinin 75 illiyinin bir hissəsi olaraq keçirilən bu tədbirdə Hindistan və Azərbaycanın elektronika məhsulları və kompüter proqramları istehsal edən müxtəlif iri şirkətlərin 35-dən çox nümayəndəsi iştirak edib.

Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) Elektronika, Telekommunikasiya və Proqram təminatı sənayesini (məişət elektronikası, elektron komponentlər, alətlər, telekommunikasiya avadanlıqları və xidmətləri, kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları ilə əlaqəli xidmətlər daxil olmaqla) əhatə edən 2000-dən çox istehsalçı və ixracatçının Hindistanda ən ali qurumu olub, Hindistan ixracatçılarına, eləcə də elektronika və kompüter avadanlığı/proqram məhsullarının idxalı üçün Hindistanı seçən idxalçılara/beynəlxalq alıcılara yardım göstərir.

Tədbirin məqsədi iştirakçıları Hindistan elektronikası və kompüter avadanlığı/proqram təminatı məhsullarının təklif etdiyi imkanlar haqqında məlumatlandırmaq idi. Açılış nitqində Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurasının icraçı direktoru Gurmeet Singh Hindistanın elektronika və kompüter məhsulları sənayesinin gücünü vurğuladı və Hindistan hökumətinin bu sahədəki dövlət proqramları haqqında məlumat verdi. O, həmçinin Azərbaycan şirkətlərini Hindistanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət etdi və gediş-gəliş bileti, otel və yemək də daxil olmaqla, xərclərin Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası tərəfindən qarşılanacağını bildirdi.

Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna qeyd etdi ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Hindistanın elektronika və proqram təminatı məhsulları artıq Azərbaycan bazarında tanınır, çünki Hindistandan mobil telefonlar, avtomatik tənzimləmə və idarəetmə cihaz və avadanlıqları, ofis avadanlığı və s. idxal olunur. O, daha sonra bildirdi ki, Hindistanın elektronika və kompüter avadanlığı sektoru hər il 156 milyard ABŞ dollarından çox dəyərində məhsul ixrac edir və bu sektorda iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 20,1% artaraq 620,42 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 11-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 22,5% artaraq 505,52 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində, Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3,0% təşkil edərək, Azərbaycanın 9-cu əsas ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı 2021-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 114,90 milyon ABŞ dolları təşkil edib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button