İqtisadiyyat

Hava şəraitinin pisləşməsi ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib 

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.
ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, iyulun 27-si axşam saatlarından Xəzər dəniz akvatoriyasında Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.
Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Bundan başqa, gəmilərin nəzərinə çatdırılıb ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar və fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button