Gündəm

Hadrut meşələrində saxlananların son qrupu da 6 il həbs cəzası aldı

Azərbaycanla Ermənistan arasında 10 noyabr razılaşmasından bir ay sonra Hadrut meşələrində saxlanılan ermənilərdən sonuncu qrupunun məhkəməsi yekunlaşıb. İyulun 29-da onlara hökm oxunub və hər birinə 6 il həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə onlar Azərbaycanın dövlət sərhədini icazəsiz keçmə və qanunsuz silah-sursat saxlama kimi əməllərdə suçlu sayılıblar. Məhkəmə Ermənistan vətəndaşlarına Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq) və 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələriylə verilən ittihamları əsassız sayaraq, onlara xitam verib.

Məhkəmə hökmünə görə, daha öncə mühakimə olunanlar kimi, budəfəkilər də cəzalarını başa vurandan sonra Azərbaycandan deportasiya olunmalıdılar.

Cinayət işinin materiallarında iddia olunur ki, Azərbaycan və Ermənistan arasındakı 10 noyabr razılaşmasından sonra Ermənistan vətəndaşları silahlanaraq, məşələrdə gizlənib və Azərbaycana qarşı terror-təxribatlar planlaşdırıblar. Dekabrın 12-də onları Azərbaycan silahlı qüvvələri saxlayıb.

Təqsirləndirilən şəxslər bu iddialarla razılaşmır və bildirirlər ki, rəsmi qaydada silahlı qüvvələrdə xidmətə çağrılıblar.

Xatırlatma

Hadrut meşələrində saxlanılanların işi 4 qrupa bölünüb. Hər qrupda 13-14 nəfər olmaqla, onlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. İlk 14 nəfərin mühakiməsi iyulun 2-də yekunlaşıb. Onlardan 12-nə 6 ay, 2-nə isə 4 il həbs cəzası verilib. Altı ay cəza alanlarla bağlı müddət dekabrdan hesablanıb, təqsirləndirilən şəxslərin cəzası başa çatmış sayılıb və onlar ölkələrinə göndərilib. Elə həmin gün Ermənistan Ağdamda basdırılan minaların xəritəsini Azərbaycana təqdim edib.

Ardınca hökm çıxarılanların hamısı 6 il azadlıqdan məhrum edilib.

Ermənistan tərəfi Azərbaycanda mühakimə edilən vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsman Arman Tatoyan hərbi əsirlərin hər hansı formada məhkəməsinin beynəlxalq hüquq pozuntusu olduğunu deyib.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanılan erməni hərbçilərin əsir deyil, terrorçu-diversant olduğunu iddia edir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button