Siyasət

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər”. Savash.org Modern.az-a istinaden xəbər verir ki, bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri vəzifələrinin icraçısı Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Bildirilir ki, həmsədrlər XİN rəbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib. Bu, iki nazirin dördüncü görüşü olub: “”Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar.

İştirakçılar nəticəyə hesablanmış intensiv danışıqlara imkan verən şəraitin dəstəklənməsi üzrə tərəflərin daimi səylərinə görə nazirlərə təşəkkürlərini bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər.

Nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər.

Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər”.

Qeyd edək ki, həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button