Cəmiyyət

Həkim-infeksionistlər: “Üçüncü doza yeni ştamlardan qorunmaq üçün zəruridir”

“Koronavirus əleyhinə üçüncü doza vaksinin vurulması bu gün üçün bütün dünyada vacib hesab edilir. Bu yöndə aparılan tədqiqatlar da onu deməyə əsas verir ki, qüvvətləndirici, yəni buster dozanın vurulması məqsədəuyğundur”.
Bu fikirləri “Report”a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər: “Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var. Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir”.
Dünya ölkələrində də buster dozanın vurulduğuna diqqət çəkən mütəxəssis bildirib ki, koronavirusun yeni ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur: “Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir”.

“Aparılan elmi araşdırmalar və təhlillər göstərir ki, buster doza xəstəliyə yoluxmanın qarşısını almaqda effektiv rol oynayır. Xüsusilə də “Pfizer” vaksini yüksək qoruyuculuğu təmin edir. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda qüvvətləndirici dozanın vurulması ilk növbədə yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Buster dozanın insan sağlamlığı üçün ciddi fəsadı qeydə alınmayıb. Hətta tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. İlk iki dozasından asılı olmayaraq vətəndaş 6 aydan sonra üçüncü və müəyyən aralıqdan sonra dördüncü dozanı istənilən vaksin növündən istifadə edə bilər”, – F.sədirov vurğulayıb.
Həkim-infeksionist Vasif Əliyev də “Report”a açıqlamasında üçüncü doza vaksininin vurdurulmasının önəmindən danışıb: “Risk qrupuna aid olan şəxslərdə müəyyən müddət keçdikdən sonra vurdurduqları vaksinin təsiri azalmış olur. Təxminən 6 aydan sonra qanda olan anticisimlərin miqdarı getdikcə aşağı düşür və nəticədə orqanizmimiz xəstəliyə qarşı qorunmaz hala gəlir. Bu da öz növbəsində yoluxma ehtimalını sürətləndirmiş olur. Ona görə də xatırladıcı buster dozanın vurulması mütləqdir. Vətəndaşlar iki dozanı necə rahatlıqla vurdurublarsa, ehtiyat etmədən üçüncü dozanı da vurdura bilərlər”.

“Azərbaycanda insanların üçüncü doza vaksin vurdurması zərurəti həm də payız fəslində mövsümi xəstəliklərin yayılması, hava dəyişikliyi səbəbindən insanların immun sistemlərinin zəifləməsi ilə əsaslandırıla bilər. Baxmayaraq ki, qüvvətləndirici dozanın fəsillə əlaqəsi yoxdur, sadəcə soyuq havalarda qapalı məkanlarda insanların toplaşması daha çox qeydə alındığından yoluxma sayının artması üçün təhlükəli ola bilər. Daha təhlükəsiz, lakin nisbətən aşağı təsirə malik olan vaksinlərin üçüncü doza ilə tamamlanması həm vaksinin təsirinin gücləndirilməsinə kömək edir, digər tərəfdən isə yan təsirləri baxımından riskləri daha azdır”, – o bildirib.
Həkim-infeksionist ölkədə müşahidə olunan epidemioloji vəziyyəti də açıqlayıb: “Hazırda yoluxma sayında eniş nəzərə çarpır. Lakin nəzərə almaq lazımdır ki, pandemiya hələ də davam edir, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Belə məqamda daha çox diqqətli olmalıyıq. Yoluxma azlığı bizi arxayın salmamalıdır. Odur ki, qoruyucu tədbirlərə mütləq riayət edilməlidir. Kütləvi qoruyuculuq olmasa, xəstəliyin yeni dalğası qaçılmaz ola bilər”.
Qeyd edək ki, bu günə qədər Azərbaycanda 8 841 520 doza vaksindən istifadə olunub. I mərhələ üzrə vurulan vaksinlərin sayı 4 837 342, II mərhələ üzrə isə 4 004 178 olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button