Mədəniyyət

“Göyçək Fatma” tamaşası növbəti dəfə tam fərqli quruluşda

Fevralın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Göyçək Fatma” tamaşası tam fərqli quruluş və səhnə tərtibatında növbəti dəfə balaca tamaşaçıların ixtiyarına veriləcək.

AZƏRTAC xəbər verir ki, eyniadlı məşhur Azərbaycan xalq nağılı əsasında Kəmalə Ağayevanın pyes halına saldığı “Göyçək Fatma” nağıl tamaşası sırf Kukla Teatrının repertuarında bir neçə dəfə hazırlanıb. Budəfəki quruluşa gəlincə, nümunəyə çağdaş teatr estetika və üslubunda yanaşılmaqla vizuallığı daha da artırılıb.

Mərhum dramaturq Rəhman Əlizadənin səhnələşdirməsi saxlanılmaqla ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.

Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun tamaşaya yazdığı musiqiləri də saxlayan yaradıcı heyət uşaqlar üçün maraqlı, rəngarəng musiqili həllə nail olublar.

Bir saatlıq interaktiv səhnə işində quruluşçular klassik kukla teatrı ənənələri ilə müasir animasiyanın funksionallığını sintez etməyə, balacalar üçün sürətli keçidlərlə daim hərəkətli (dekor və kuklaların əksəriyyəti fərqli personajlara çevrilə bilirlər) quruluşu təmin ediblər.

Mövzu olaraq yaxşının daim qalib gələcəyini, səbrin mükafatla nəticələnəcəyini tərənnüm edən səhnə işinin rejissoru personajların bir neçəsini komik oyuna cəlb etməklə ümumi ovqatı daim yüksək tutmağa, tamaşanın temporitrmini bu yolla saxlamağa çalışıb.

Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edəcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button