Gimnastlarımız “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi” yubiley medalı ilə təltif ediliblər

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevin aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda uğurla çıxış edərək 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri ilə görüşü baş tutub.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak ediblər.
Görüş çərçivəsində nazir Mədət Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Tədbirdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları təqdim olunub.
Görüşün sonunda nazir gimnastların ona ünvanladığı suallarını cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları bölüşüb.