Mədəniyyət

“Gənclik” stansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb

Bakı. Humay Ağacanova – Trend:
“Bakı Metropoliteni” QSC-nin stansiya və keçidlərində təşkil edilən sərgilər sırasına yenisi əlavə olunur. Bu gün “Gənclik” stansiyasının keçidlərində hər birimiz üçün doğma olan və bugünmüzlə səsləşən bir mövzuya həsr olunan “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.
Bu sözləri Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır: ” Buradakı 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub və hər biri özünə məxsus zənginliyi, elementləri və cizgiləri ilə seçilir.Sərgi həmçinin, Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.
Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan Ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

“Tikdim ki, izim qala” adlı xüsusi stendlərimiz var ki, Qarabağın üç məşhur qalası: Şuşa qalası, Əsgəran qalası və Ağdamın Şahbulaq qalasına həsr olunub.
Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.”
B.Məmmədov həmçinin bildirib ki, “Bakı Metropoliteni” QSC-nin azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı geniş ictimaiyyətə təqdim etdiyi sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button