İqtisadiyyat

Gələn il ARDNF-in büdcəsində 2,2 milyard manat kəsir yaranacağı gözlənilir

Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 32,4 % çox – 10 milyard 589,7 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 4,4 % çox – 12 milyard 789,7 milyon manat olacağı gözlənilir.

Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, 2022-ci ildə ARDNF-in gəlirlərinin 8 milyard 579 milyon manatını və yaxud 81 %-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Bu, 2021-ci ilin proqnozuna nisbətən 33,2 % çoxdur. Bundan başqa, Fond akrhesabı ödişlərdən 5,3 milyon manat (27,4% çox), trazitdən 23,3 milyon manat (6,2 % çox), bonus ödənişlərindən 765,3 milyon manat (1,4 % az), vəsaitinin idarə olunmasından isə 1 milyard 216,8 milyon manat (60,2 % çox) gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin isə 12 milyard 710 milyon manatını və yaxud 99,4 %-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bu, bu ilin proqnozuna nisbətən 4,2% çoxdur. Bundan başqa, Fond “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 27,8 milyon manat (35,6 % çox), “Ölkə vətəndaşlarının xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı”na 17,9 milyon manat (bu il olmayıb), idarə edilməsinə isə 34 milyon manat (17,6 % çox) xərcləyəcək.

Beləliklə, 2022-ci ildə ARDNF-in büdcəsində 2,2 milyard manat kəsir yaranacaq. Bu, 2021-ci ilin proqnozu ilə eynidir.

Rəydə deyilir ki, Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1,5 milyon barel az nəzərdə tutulması və xam neftin satış qiymətinin 50 ABŞ dolları məbləğində müəyyənləşməsi, eyni zamanda hasil olunan qazın satış qiymətinin artması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı cari ildə olduğu kimi növbəti ildə də Fondun büdcəsinin kəsirlə proqnozlaşdırılmasına şərait yaradıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button