ManşetSiyasət

Freedom House: ”Azərbaycan Cənubi Qafqazda yeganə ”azad olmayan” ölkədir”

 

Azərbaycan Freedom House-un hesabatında bu dəfə də ”azad olmayan” dövlətlər sırasında göstərilib.

Azərbaycan hakimiyyəti isə hər zaman Freedom House-ın hesabatlarını qərəzli sayır və hesab edir ki, ölkədə bütün insan haqları müdafiə edilir.

Vaşinqtonda mənzillənən Freedom House təşkilatının ”2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti” haqqında hesabatında Azərbaycan Cənubi Qafqazda yeganə ”azad olmayan” ölkə kimi qiymətləndirilib.

Builki göstəricilərə görə Azərbaycan 11 xal toplayıb. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək ”qismən azad” ölkələr siyahısında yer alıb.

Ötən il də Azərbaycan insan haqlarının, siyasi, media və vətəndaş azadlıqlarının qorunmasına görə ”azad olmayan” dövlət sayılmışdı.

Ermənistan bu il 6 xal irəliləyib. Bu irəliləmənin Ermənistan prezidenti Nikol Paşinyanın qələbəsindən sonra baş verən dəyişiklərlə əlaqəli olduğu qeyd edilir.

Siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan isə irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb.

Hesabatda göstərilir ki, Azərbaycan prezidenti İlham Əliyev ”müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalar, dövlət resurslarından sui-istifadə və həqiqi siyasi opponentlərin təqibi yolu ilə” ”növbəti prezidentlik dönəmini təmin edib”.

Azərbaycan hakimiyyəti isə ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Prezident İlham Əliyev keçən il Davosda bildirmişdi ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. ”Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır”, prezident vurğulamışdı.

Ötən ilin aprelində keçirilən erkən prezident seçkilərindən sonra MSK-nın nəticəsinə görə, səslərin təxminən 85 faizini qazanmış İlham Əliyev andicmə mərasimində seçkinin tam ədalətli və obyektiv keçməsini, rəqiblərinin onu ”sərt tənqid etməsini” bildirmişdi.

Freedom House-un hesabatında 195 ölkə qiymətləndirilib. Onlardan 86-sı azad, 59-u qismən azad, 50-si azad olmayan ölkə siyahısında yer alıb.

Təşkilat qeyd edir ki, dünyada 13 ildir ki, demokratiyanın tənəzzülü davam edir.

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button