Mədəniyyət

“Fokus” kino jurnalının 10-cu sayı çap olunub

Kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdən biri olan “Fokus” analitik kino jurnalı növbəti 10-cu nömrəsilə oxucularının görüşünə gəlib.

Jurnalın bu sayı Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə işıq üzü görüb.

Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı yeni müəlliflər – Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib.

Jurnalın redaktoru Əli İsa Cabbarovun “Ön söz”də bildirdiyinə görə, 10-cu nömrənin ana məqsədi “Kinomuz hardadır?” və “Kinomuz hara gedir” suallarına cavab tapmaqdır. Bu səbəbdən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 20 iyun 1930-cu il, No 30 (67) nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib.

Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov, Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr yer alıb.

Kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.

Qeyd edək ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button