FIFA DÇ-2022-dən 7 milyard dollar qazanacaq

FIFA builki dünya çempionatının təşkilatçılığı üçün rekord məbləğdə gəlir əldə edəcək.
Apasport.az saytının məlumatına görə, bunu qurumun bu gün keçirilən 72-ci Konqresində prezident Canni İnfantino açıqlayıb.
Onun sözlərinə görə, FIFA Qətərdəki mundialdan 7 milyard dollar qazanc götürəcək. İsveçrəli funksioner qurumun maliyyə durumunun yaxşı olduğunu bildirib. FIFA ötən dörd il ərzində dünya çempionatından 6,4 milyard dollar qazanmağı hədəfləyirdisə, artıq bu məbləğin 7 milyard olmasına çalışır.
Rəhbərlik koronavirus pandemiyasına baxmayaraq, tamaşaçıların oyunlara televizordan baxması və digər yeni platformalardan istifadə etməsi ilə TV, sponsorluq və marketinq gəlirlərində artım gözləyir. Həmçinin dekabrın 18-də keçiriləcək final matçının yayım hüquqlarının rekord gəlirə səbəb olması proqnozlaşdırılır.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.