GündəmManşet

“Bakı Metropoliteni” “28 May” stansiyasında baş verən tüstülənmənin səbəbini açıqlayıb – yenilənib

“Bakı Metropoliteni” QSC bu gün metronun “28 May” stansiyasında baş verən tüstülənmənin səbəbini açıqlayıb.

QSC-dən  verilən məlumatda bildirilib ki, metronun “28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib: “Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb”.

Məlumata görə, təhlükəsizliyə hər hansı maneə olmadığından 16:09-da “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

Qeyd olunub ki, hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

***

Bu gün saat 14:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının Metropiliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button