Cəmiyyət

“Fəal Yaşlanma” layihəsinə yaşlılar üçün növbəti intellektual turnirlə yekun vurulub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün növbəti “Nə? Harada? Nə zaman?” intellektual turniri təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd yaşlı insanların fəal və sağlam yaşlanmasına dəstək vermək, onların asudə vaxtlarının keyfiyyətli təşkilinə zəmin yaratmaq, eləcə də yaşlanma ilə bağlı mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməkdən ibarət olub.

Turnirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə sosial müdafiə tədbirləri ilə əhatə olunanların mühüm bir hissəsinin də yaşlılar olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu kateqoriyaya aid vətəndaşların sosial təminatının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları diqqətə çatdırıb.

A.Kərimov Nazirliklə və BMT Əhali Fondunun (UNFPA) birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihənin mühüm uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) sonuncu Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün Fəal Yaşlanma indeksi hazırlanıb. Həmin indeks də yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsində, yaşlı nəslin cəmiyyət həyatında iştirakçılığının daha da artırılması ilə bağlı müvafiq sahələrin təkmilləşdirilməsi işlərində önəmlidir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev ötən iki il yarım müddətində icra olunan “Fəal Yaşlanma” layihəsinin yaşlıların həyatına verdiyi töhfələrdən danışıb. Layihənin bitməsinə baxmayaraq, onun müsbət nəticələrinin uzunmüddətli olacağını vurğulayan F.Babayev layihənin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. “Əminəm ki, getdikcə daha çox yaşlı insanlarımız fəal yaşlanma anlayışını öz həyatlarının bir hissəsinə çevirəcəklər və bugünkü turnir kimi müxtəlif maraqlı və rəngarəng fəaliyyətlərdə iştirak edərək yaşlanma ilə bağlı ənənəvi stereotiplərin qırılmasına ən böyük töhfəni də özləri vermiş olacaqlar”, deyə o qeyd edib.

“Üçüncü Bahar” İctimai Birliyinin sədri Leyla Ağayeva bildirib ki, yaşlılar arasında keçirilən budəfəki “Nə? Harada? Nə Zaman?” intellektual yarışması bu qəbildən olan sayca beşinci turnirdir. O, yarışmanın daha geniş auditoriyalar arasında keçirilməsinə şərait yaratdığı üçün layihə tərəfdaşlarına birliyin adından təşəkkür edib.

Açılış hissəsindən sonra iki turdan ibarət turnir start götürüb. Ümumilikdə hər biri altı nəfərdən ibarət 11 komandanın yarışdığı turnirdə qaliblərə mükafatlar təqdim edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button