Cəmiyyət

“Ermənistanda baş qaldıran revanşistlər “dəmir yumruğ”un “dadı”nı unutmamalıdırlar” – Çingiz Qənizadə

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurub. Ümumiyyətlə, dövlətimizin başçısının son 18 ildə həyata keçirdiyi daxili və xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən diqqətlə izlənilir və dəstəklənir. Vətən müharibəsində Ermənistan üzərində qazandığımız tarixi Qələbə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsində mühüm rol oynadı.

Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Azərbaycan müstəqil siyasət yeridən, ərazi bütövlüyünü öz gücü ilə müdafiə etməyə qadir dövlətdir. Təqdirəlayiq haldır ki, dövlətimizin başçısının yürütdüyü siyasətlə yanaşı, beynəlxalq təşkilatların tribunalarından səsləndirdiyi bəyanat və çıxışlar, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də diqqətlə izlənilir və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərin dünya mətbuatında geniş əks-səda doğurduğunu vurğulayan hüquq müdafiəçisi deyib: “Müsahibədə səsləndirilən bəzi mühüm bəyanatlar həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajdır. Bu mesajlar Rusiya, Türkiyə, Almaniya və digər ölkələrin kütləvi informasiya vasitələrində böyük rezonansa səbəb olub. Xüsusilə, Ermənistanda baş qaldıran revanşist meyillilərə ünvanlanmış sərt mesaj, Azərbaycan–Rusiya və Azərbaycan–Türkiyə münasibətləri barədə səsləndirilən fikirlər xarici mətbuat orqanlarında dərc olunaraq, böyük əks-səda doğurub. Dövlətimizin başçısının “Ermənistan cəbhədə ardıcıl təxribatlar törədir, böyük müharibəyə hazırlaşır” kimi fikirləri aparıcı kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb. Bu, həm də müharibə istəyənlərə “dəmir yumruq” xəbərdarlığıdır”.

Erməni mətbuatında daim revanşist meyillərin hiss olunduğunu xatırladan Ç.Qənizadə bildirib ki, avantürist ermənilər xarici havadarlarının himayəsi ilə yenə də aranı qarışdırmağa cəhd edir, xüsusən sabiq prezidentlər Robert Koçaryanın və Serjik Sarkisyanın vaxtında olan “güclü Ermənistan ordusu”, “böyük Ermənistan” miflərini bərpa etməyə çalışırlar. Dövlətimizin başçısı belələrinə cavab olaraq bildirib ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən də özünü büruzə verir: “Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir, – həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək”.

Hüquq müdafiəçisi Ermənistanın bundan sonrakı yolunun yalnız sülh sazişinin imzalanması olduğunu bildrdi. Üzdə sülh sazişindən danışıb arxada təxribatlar törətməklə heç nəyə nail olmaq mümkün deyil. Çünki artıq Azərbaycan Ordusnun gücü bütün dünyaya bəllidir. Dövlət başçımız da müsahibəsində bu amilləri diqqətə çatdırdı və dedi ki, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ancaq Ermənistan unutmamalıdır ki, haradan dəstək alsalar da, yenə də “dəmir yumruğ”un qarşısında tab gətirə bilməyəcək.

Ç.Qənizadə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun işğalçıları yerlə-yeksan etməsini xatırladıb və deyib ki, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik. Bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button