Siyasət

Ermənistan-Rusiya ittifaq dövləti – Kremldə bu ideya müsbət qarşılanmır

Ermənistanın İttifaq Partiyasının lideri Tiqran Urixanyan ölkəsinin Rusiya ilə ittifaq dövləti qurması təklifi ilə çıxış edib. O bildirib ki, bununla Ermənistan Rusiyanın tərkibinə keçməyəcək, sadəcə dövlətlərarası ittifaq yaradılacaq. Bununla da Ermənistan BMT üzvü, ordusunu gücləndirən və xarici siyasət yürüdən suveren və müstəqil ölkə olaraq qalacaq.

Maraqlıdır, Ermənistanın Rusiya ilə belə bir ittifaq yaratması nə dərəcədə realdır?

Politoloq Fikrət Sadıxov Yenisabah.az-a açıqlamasında yaxın gələcəkdə belə bir ittifaqın yaranacağını güman etmədiyini söyləyib:

“Çünki reallıq odur ki, Ermənistan onsuz da Rusiyanın ayaqaltı “forpost”udur. Onlar arasında əlavə müttəfiqlik haqqında müqavilə imzalamağa ehtiyac yoxdur. Həmçinin belə bir sazişin imzalanması heç də o demək deyil ki, o, fayda gətirən bir alyans olacaq. Çünki Belarus-Rusiya arasında belə bir müqavilə var. Ancaq o müqavilə Belarusa heç nə vermədi. Onun hazırkı vəziyyəti bütün MDB dövlətlərindən daha gərgindir. Orada nümayişlər gedir. Rusiya isə əl uzatmır, çünki öz problemlərini özlərinin həll etməli olduğunu düşünürlər. Ermənistan biz torpaqlarımızı azad etdikdən sonra müxtəlif yollar axtarır. İstəyir ki, Rusiyaya yaxın olsun, bu yolla özlərini müdafiə etsinlər. Amma onsuz da hazırda kimsə Ermənistana hədə-qorxu gəlmir, təhlükə yaratmır. Nə Türkiyənin, nə də Azərbaycanın belə bir məqsədi var. Azərbaycanın əsas məqsədi beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarını azad etmək idi”. 

Həmsöhbətimiz vurğulayıb ki, hazırda bizim hansısa dövlətdə tarixi torpağımız olsa da, onu işğal etmək fikrimiz yoxdur:

“Ona görə də mən düşünmürəm ki, Rusiyada bu ittifaqı böyük sevinclə qarşılasınlar. Hansısa siyasətçinin bu cür təkliflə çıxış etməsi belə bir ittifaqın yaranacağı mənasına gəlmir. Yaransa da, bizə heç bir təhlükə yarada bilməz. Çünki bizim Rusiya ilə normal tərəfdaşlıq münasibətimiz var. Kifayət qədər özümüzü təmkinli aparırıq. Xarici siyasətimiz  öz maraqlarımıza cavab verir. Qonşuluq siyasətini də davam etdirəcəyik”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button