GündəmManşet

Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməlidir – Britaniyalı parlamentari

Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq aparmalıdır.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyada geniş oxucu kütləsinə malik “PoliticsHome” xəbər saytında Azərbaycan və Ermənistan arasında postmünaqişə vəziyyətinə dair dərc olunan məqalədə deyilir.

Məqalənin müəllifi Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədr müavini Lord Kilklunidir. Məqalə bu günlərdə məşhur ermənipərəst Baronessa Koksun müəllifliyi ilə adıçəkilən saytda dərc edilib və özündə Azərbaycan əleyhinə əsassız iddiaları ehtiva edən yazıya cavab olaraq hazırlanıb.

Məqalədə qeyd olunub ki, 1990-cı illərdə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hücumu nəticəsində iki ölkə arasında münasibətlər gərginləşib.

Diqqətə çatdırılıb ki, 1992-ci ilin fevralında Xocalı şəhərində qocalar və uşaqlar da daxil olmaqla, 600-dən çox dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi sistematik etnik təmizləmə siyasətini əks etdirir. Ermənilərin hərbi təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı yurd-yuvasını tərk edərək öz ölkələrində məcburi köçkün vəziyyətinə düşməyə məcbur olub.

Müəllif məqalədə bildirib ki, ərazi bütövlüyünün və suverenliyinin qorunmasına tam sadiq bir ölkə kimi Azərbaycan Ukrayna xalqını 10 milyon avrodan çox dəyərində həyati vacib tibbi ləvazimatlarla təmin etməklə yanaşı, Ukrayna və Rusiya arasında birbaşa danışıqların Bakıda keçirilməsini təklif edib. Bu, Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan, öz ərazilərində iki Rusiya hərbi bazasına ev sahibliyi etməkdə davam edən və regionda onun forpostu kimi effektiv fəaliyyət göstərən Ermənistanın siyasəti ilə kəskin ziddiyyət təşkil edir.

Lord Kilkluni, 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın münasibətləri normallaşdırmaq, həm azərbaycanlıların, həm də ermənilərin xeyrinə regionun yenidən qurulması ümidi ilə Ermənistana dostluq əlini uzatdığını bildirib.

O, məqaləsində yazır ki, bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib. Bununla belə, Ermənistan partlamamış qurğular nəticəsində onlarla mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan dəqiq mina xəritələrini və digər müvafiq məlumatları Azərbaycana təqdim etməyib. Bu, beynəlxalq humanitar hüquq öhdəliklərinin açıq şəkildə pozulması deməkdir. Onlar, həmçinin Azərbaycanın 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra itkin düşmüş 4000 azərbaycanlının yeri ilə bağlı məlumatların paylaşılması tələblərinə də susurlar.

Lord Kilkluni məqaləsində Ermənistanın 2020-ci ildə üç ölkə arasında imzalanan sazişi pozduğunu, regional nəqliyyat marşrutlarının və Zəngəzur dəhlizinin açılmasına mane törətməyə davam etdiyini qeyd edib.

L. Kilkluni yazısında deyib: “Mən Böyük Britaniyanın maraqları üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunun yenidən qurulması cəhdlərini qətiyyətlə dəstəkləyirəm. Rusiya və Ukrayna arasındakı gərginlik, Ermənistan və Azərbaycan arasında olan münaqişə də daxil olmaqla, davamlı həll yollarının yaradılmasının vacibliyini nümayiş etdirir. Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq aparmalıdır.”

Sonda Lord Kilkluni Böyük Britaniyanın hər iki tərəfi müsbət və konstruktiv şəkildə məşğul olmağa təşviq edərək, bu normallaşmaya töhfə vermək üçün əlindən gələni etməli olduğunu qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button