İqtisadiyyat

Energetika naziri İkinci Antalya Diplomatiya Forumunda iştirak edəcək – yenilənib

Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Nazir cari ilin 11-13 mart tarixlərində Antalya şəhərində “Diplomatiyanın Yenidən Qurulması” mövzusunda keçiriləcək İkinci Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Energetika naziri forum çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində müzakirələrə qatılacaq.

***

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoquna dair məsələlər müzakirə edilib. Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları üzrə əməkdaşlığı əhatə edən istiqamətləri üzrə intensiv təmasların vacibliyi vurğulanıb. Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi razılaşdırılıb.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button