İqtisadiyyat

Elman Rüstəmov: Devalvasiya olmayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.

“Renkinq” xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.

“Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm”, – o qeyd edib.

“Təxminən 5-6 ildir ki, manatın məzənnəsi ilə bağlı belə proqnozlar verilir. Adətən ilin sonunda və ya əvvəlində belə şaiyələr yayılır. Hesab edirəm ki, biz insanları qorumalıyıq. Ötən ilin yanvarında yayılmış şaiyələrin hesabına insanlar koronavirusun ən yüksək vaxtında bankların qarşısında dayandılar. İnsanlar öz planlarını müsbət proqnoz üzərində qurmalıdır. Mən arzu edirəm ki, peşəkar iqtisadçı jurnalistikamız olsun. Son zamanlar bu proses getməkdərir. Siz analiz edin ki, son 5 ildə belə iddialar yayılıb və nəticəsi nə olub. Açıq deyim ki, hökumətlə, AMB ilə münasibətlərin də öz etik həddi var. Əgər hansısa qərar olsa qurum özü məlumat yayar”, – E.Rüstəmov əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, AMB manatın məzənnəsinə müdaxilə etmir: “Milli valyutanın məzənnəsinin süni olması barədə deyilənlər həqiqətə uyğun deyi: “Bu, açıq bazardır. Mən bilmirəm, onu necə tutub saxlamaq olar. O ki, qaldı Dövlət Neft Fondundan (ARDNF) transfertlərə, bu prosesdə AMB yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Bu, daha çox fiskal prosesdir. Belə köçürmələr daha çox dövlət büdcəsi üçün həyata keçirilir. Biz çox az hallarda banklardan valyuta alırıq. Çünki onlarda likvidlik problemi olur. Bir də ki, beynəlxalq təşkilatların AMB-də hesabları var. Əgər biz valyutanı alırıqsa, bu məqsədlə alırıq. Biz həm də valyutanı manatın məzənnəsinin möhkəmlənmək təzyiqindən azad etmək üçün alırıq. Bəzi ekspertlər bu fikirdən istifadə edir. Bu gün ekspert bazası da çox irəli gedib. Amma belə fikri səsləndirən bir neçə ekspert qalıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button