İqtisadiyyat

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Google Chrome” barədə xəbərdarlıq edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları istifadə etdikləri proqram təminatlarını mütəmadi olaraq yeniləməyə çağırır.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, proqram təminatı istehsalçıları məhsullarında aşkar edilən təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün mütəmadi onların yeni versiyalarını təqdim edir.
Təqdim olunan yeniləmələrin tətbiq edilməməsi kənar şəxslər tərəfindən mövcud boşluqlardan istifadə etməklə sistemə müdaxilə edilməsi, fərdi və ya həssas məlumatların əldə edilməsi və digər bədniyyətli əməllərin həyata keçirilməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, cari ildə “Google Chrome” brauzerində aşkar edilən çoxsaylı təhlükəsizlik boşluqlarının davamı olaraq aktiv şəkildə istifadə olunan daha yeni iki təhlükəsizlik boşluğu aşkar edilib. Mövcud boşluqları aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən “Windows”, “Mac” və “Linux” istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” brauzerinin 94.0.4606.71 versiyası təqdim olunub.
“Google” şirkəti tərəfindən təqdim edilən son yeniləmə cari ilin əvvəlindən “Google Chrome” brauzerində aşkar edilən 14 təhlükəsizlik boşluğunu aradan qaldırır.
Mövcud təhlükəsizlik boşluqlarından istifadə etməklə hədəf sistemlərə nəzarətin ələ keçirilməsi ehtimal olunur. Təsir görən sistemlər 94.0.4606.71 versiyasından öncəki “Google Chrome” versiyalarıdır.
İstifadəçilər və inzibatçıların “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri mütəmadi olaraq nəzərdən keçirmələri və elektron təhlükənin qarşısını almaq üçün vaxt itirmədən mövcud brauzeri “Google Chrome” 94.0.4606.71 (və ya yuxarı) versiyasına yeniləmələri tövsiyə olunur.
Yeniləməni tətbiq etmək üçün “Google Chrome” brauzerinin sağ üst küncündəki üç nöqtədən “Parametrlər (Settings)” bölməsinə daxil olmaq və ardıcıllıqla “Dəstək/Help”, “About Google Chrome” seçimini etmək tələb olunur. Yeniləmənin aktiv olması üçün brauzer yenidən başladılmalıdır.
bu kimi hallarda metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək mümkündür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button