İqtisadiyyat

Elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrindən idxal rüsumu alınmayacaq

Zavod buraxılış tarixi bir ili ötməyən və yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə tətbiq olunan idxal gömrük rüsumlarının sıfıra endirilməsi nəzərdə tutulur.

Bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun genişləndirilmiş iclasında qeyd edilib.

Məlumata görə, həmin güzəşt “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin “Sərhəddə ticarət” işçi qrupu tərəfindən hazırlanan Qərar layihəsində öz əksini tapıb. İclasda Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

Layihənin hazırlanmasında əsas məqsəd ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsidir.

İclasda “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” sənədinin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat, Maliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, Mərkəzi Bank, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliklərinin və aidiyyəti təşkilatların “Sərhəddə ticarət” işçi qrupunun Fəaliyyət Planının icrasına bilavasitə cəlb olunan məsul şəxsləri və özəl sektorun təmsilçiləri iştirak ediblər.

İşçi qrupun rəhbəri qismində iclasa sədrlik edən İsmayıl Hüseynov bu ilin “Sərhəddə ticarət” işçi qrupunun Fəaliyyət Planının bütün aidiyyəti tərəflərin mövqeyi öyrənilərək formalaşdırıldığını bildirib. Nəzərə çatdırılıb ki, Fəaliyyət Planı hazırlanarkən əsas diqqət bir daha sərhəddə ticarət zamanı vaxt və xərclərin minimuma endirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması və iqtisadiyyatın dayanıqlılığının artırılmasına yönəldilib.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, idxal-ixrac və tranzit əməliyyatlarının sürətli, şəffaf və tam elektron mühitdə vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasında “e-Pəncərə” (e-Window) sisteminin tətbiqi”nin gerçəkləşdirilməsinin nəzərdə tutulan layihələrdən biri olacağı qeyd edilib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəisi Vüsal Şıxəliyev işçi qrupun 2021-ci ildəki fəaliyyətindən məmnunluqla bəhs edib. Bildirilib ki, “Doing Business” hesabatını dayandıran Dünya Bankı bu ildən qiymətləndirmələrin yeni metodologiya əsasında aparılacağı layihənin icrasına başlayacaq. Yeni layihə daha geniş məsələləri əhatə edir və biznes mühitinin müasir çağırışlara (rəqəmsallaşma, ətraf mühitin qorunması və s.) uyğun olaraq daha təkmil metodlarla qiymətləndirilməsini nəzərdə tutur.

Sonda iclasın gündəliyindəki məsələlər – “Özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı xüsusi Yol Xəritəsinin təqdim edilməsi”, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin icrasından irəli gələn tədbirlər müzakirə edilib. Həmçinin, növbəti iclasın tarixi və görüləcək işlərin müəyyən olunması ilə bağlı məlumat verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button