Cəmiyyət

DYP qayda pozan sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişən, manevr qaydalarını kobud şəkildə pozan sürücülərə bir daha xəbərdarlıq edib.
İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”a bildirib ki, paytaxt ərazisində xidmət zamanı, eləcə də xüsusilə texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradan sürücülərə də tez-tez rast gəlinir: “Bu, onu göstərir ki, sürücülər gün ərzində, xüsusi ilə günün pik saatlarında müəyyən məsafəni daha qısa zaman ərzində qət etmək üçün yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə ki, “Yol Hərəkəti Haqqında Qanun”a görə, zolaqların tez-tez dəyişdirilməsi özü manevr qaydalarının pozulması kimi qiymətləndirilir.
Eyni zamanda bu hərəkətlər digər sürücülər üçün, eləcə də yolu keçən piyadalara da ciddi narahatlıq yaradır. Bu cür əməlləri edən sürücülər bəzən hesab edirlər ki, onlar müəyyən müddət ərzində həmin məsafəni tez bir zamanda qət edəcəklər. Lakin paytaxt ərazisində sürücülər bilməlidirlər ki, tez-tez rastlaşdıqları yol ayrıcıları, işıqforlar var. Həmin sürücülər yolların hərəkət istiqamətlərini kobud şəkildə pozurlar.
Sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı tez-tez yol-nəqliyyat hadisələri də baş verir ki, bu da yollarda süni sıxlıqların yaranmasına səbəb olur”.
“Bu cür manevr qaydalarının kobud şəkildə pozulması əslində onları digər yerlərdə dayanmağa məcbur edir. Sürücülər nəzərə alsınlar ki, paytaxtın hər bir küçə və prospektində xüsusi texniki vasitələr quraşdırılıb. Yol polisi olmayanda da biz bu qayda pozuntuları aşkarlayıb, sürücülərin barəsində qanunamüvafiq tədbir görürük”, – o vurğulayıb.

Araz Əsgərli

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button