İqtisadiyyat

Dövlət Vergi Xidməti yeni strategiya hazırlayıb

“Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın artrılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlanıb.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Prezident sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının biznesə başlama, vergi və hesabtlılıq” üzrə İşçi Qrupun fəaliyyətinə rəhbərlik edir.

İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabtlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” işlənib hazırlanıb. Strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət – biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.

Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş iş planları, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Kommunikasiya strategiyası kommunikasiya prosesinə cəlb olunan iştirakçıların islahatın mahiyyəti və hədəfləri barədə məlumatlandırılmasına xidmət edir. Sənədin hazırlanmasında əsas məqsəd ortaya çıxan sualların, çətinliklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. İslahatlarla bağlı bütün mərhələlərdə cəmiyyətə məlumatların məqsədyönlü, ardıcıl və effektiv şəkildə çatdırılması vacib şərtlərdən biri olduğu üçün ekspert cəmiyyətinə, habelə özəl sektora islahatların müəyyən edilməsi prosesində iştirak imkanları yaratmaq mühümdür. Bu baxımdan, əsas diqqət qeyd olunan islahatların həyata keçirilməsi zamanı ictimai iştirakçılığın təmin edilməsinə yönəlib. Bu məqsədlə ekspert cəmiyyətini prosesə cəlb etmək, sahibkarların ictimai birliklərinin, vətəndaş cəmiyyəti təşkilatlarının və sahə üzrə mütəxəssislərin prosesdə iştirakını təmin etmək, rəyvermə və əks-əlaqə (feedback) sistemini qurmaqdır.

Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button