Dövlət Xidməti tarixi abidələrlə bağlı vətəndaşlara müraciət edib

Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarixi abidələrə müdaxilə ilə bağlı vətəndaşlara müraciət edib.
“Report” xəbər verir ki, müraciətdə deyilir:
“Ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidlərinin qorunması, bərpa və konservasiyası, eləcə də gələcək nəsillərə çatdırılması Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətinin əsasını təşkil edir.
Tarix-mədəniyyət abidələrinə müdaxilə halları daha çox dağlıq və meşəlik ərazilərdə, həmçinin sosial-iqtisadi fəaliyyətin gur olan yerlərində də baş verir.
Bildiririk ki, tarix-mədəniyyət abidələrinə müdaxilə qanunvericiliklə müvafiq hüquqi məsuliyyət yaradır.
Bir daha vətəndaşlarımızdan xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələrinə həssas yanaşmaqla milli kimliyimizi özündə yaşadan abidələrin gələcək nəsillərə ötürülməsinə yardımçı olmalarını, eləcə də tarix-mədəniyyət abidələrinə müdaxilə faktları ilə bağlı Dövlət Xidmətinə məlumat vermələrini xahiş edirik!”