Cəmiyyət

Dövlət Komitəsində şəhidlərin həyat yoldaşları ilə görüş keçirilib 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimiz, Vətən müharibəsi qəhrəmanları Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi, baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova, Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova və aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə ilə görüşüb.
“Report” xəbər verir ki, Dövlət Komitəsinin sədri B.Muradova əvvəlcə qonaqları salamlayıb və onları ali məktəbə qəbul olmaları münasibəti ilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.
O qeyd edib ki, biz hazırda həyatımızın ən əhəmiyyətli, tarixi bir dövrünü yaşayırıq. Bu həqiqətdir ki, bu gün ölkəmizdə vətəndaş həmrəyliyinin və tolerant mühitin olması, daxili sabitliyin qorunması Azərbaycanı güclü, qüdrətli və siyasi iradəsini ardıcıl şəkildə həyata keçirən bir dövlətə çevirib:
“Tarix göstərir ki, babalarımızın qurub yaratdığı və Liderlərimizin ən müasir inkişaf səviyyəsinə çatdırdığı bu dövlət hər birimizin sərvətidir. Bu dövlət uğrunda gedən proseslərə hər bir vətəndaş öz töhfəsini verir. Tarixin bütün mərhələlərində çətinliklərlə üzləşən, müharibə şəraitində yaşamış Azərbaycan qadınlarının qazanılan böyük qələbələrdə, əldə edilən nailiyyətlərdə özünəməxsus yeri və imzası var. Bu gün biz sizlərin simasında bunu bir daha görür və belə güclü, iradəli qadınlarımızla qürur duyuruq”.
Zəfər dolu bu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb.
Vətən müharibəsində şəhid olan ölməz igidlərimizi yad edən Komitə sədri onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı diqqətə çatdırıb: “Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun, onların göstərdikləri qəhrəmanlıqların və sizlər kimi güclü, iradəli qadınların cəmiyyətə tanıdılması gənc nəslin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verəcək”.
Daha sonra çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova səmimi dəvətə görə təşəkkürünü bildirib və əlavə edib ki, şəhid və qazilərimizin şücaəti sayəsində Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirib, şanlı tarix yazıb. O, həmçinin qeyd edib ki, bu gün öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olması hər birimizə güc, qürur verir.
Çıxış edən Əzizə Həsənova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib: “Şəhid xanımları bizlərik və güclü olmaq məcburiyyətindəyik. Ağlamağı hər kəs bacarır, lakin ağlamaqla yanaşı başı uca, alnıaçıq həyatla mübarizə aparıb, ayaqda qalmağı hər kəs bacarmır. Amma biz bacaracağıq və ona görə də biz seçilmişlərik”.
O qeyd edib ki, həyat yoldaşı ona daim arxa-dayaq olub. Şəhidin arzusu olub ki, həyat yoldaşı ali təhsil alsın: “Mən bu gün xoşbəxtəm ki, onun bu arzusunu həyata keçirmişəm”.
Nargül İbrahimi çıxışında bildirib ki, biz möhkəm olmalı, digər şəhid yoldaşlarına nümunə olmalıyıq: ”Mən psixologiya üzrə təhsil alaraq, dəstəyə ehtiyacı olan hər kəsə, o cümlədən də şəhid analarına, yoldaşlarına dəstəyimi göstərməyə çalışacam”.
O vurğulayıb ki, çətin günlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğını biz daim öz üzərimizdə hiss edirik.
Daha sonra baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu əlavə edib. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk.
Sonda xatirə fotosu çəkilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button