Cəmiyyət

Dövlət Agentliyi Gəncədə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Əməyin təhlükəsizliyi – iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, agentliyin Qərb Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə tədbiri açıq elan etdikdən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra P.Quluzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Nəsib Nəsibov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Eltun Həsənov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Qaçabəyov və Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınmasından ötrü zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə olunub.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının suallarını cavablandırıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button