İqtisadiyyat

“Doing Business” hesabatında Azərbaycanın göstəriciləri qəsdən pisləşdirilib

Dünya Bankı hər il tərtib etdiyi “Doing Business” hesabatını dayandırmağa qərar verib.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, belə bir qərarın səbəbi qlobal maliyyə qurumları tarixində ən böyük qalmaqala səbəb ola bilər. Belə ki, Dünya Bankının araşdırmaları (“WilmerHale” hüquq şirkəti tərəfindən aparılıb – red.) zamanı məlum olub ki, 2018-ci ildə “Doing Business” reytinqində Çinin, 2020-ci ildə Səudiyyə Ərəbistanının mövqeyini qəsdən və səhv bir şəkildə yaxşılaşdırılıb, Azərbaycan üzrə göstəriciləri isə pisləşdirilib və nəticədə bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib.
Qeyd edilir ki, reytinqdəki dəyişikliklər Dünya Bankının keçmiş rəhbəri Cim Yong Kim, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva və reytinq yaradıcılarından biri Simon Dyankovun təzyiqi ilə edilib. Hazırda heç kimə qarşı korrupsiya ittihamı irəli sürülməsə də, araşdırma davam edir.
Azərbaycanda gəldikdə, “Doing Business” reytinqinin son buraxılışında Simon Dyankov ölkədən gələn məlumatları, hətta “Doing Business” komandasının yoxlamasından sonra belə tanımamağa qərar verib və islahatlarla bağlı üç amil üzrə məlumatların tam doğru olmadığını bildirib. Nəticədə, S. Dyankov tərəfindən edilən dəyişikliklər Azərbaycanın “Doing Business” reytinqindəki göstəricisinə mənfi təsir edib (ölkənin mövqeyi iki bənd aşağı salınıb). Bu da Azərbaycanın ən yaxşı inkişaf edən ölkələr siyahısından çıxarılmasına səbəb olub.
Bundan əlavə, S. Dyankov hesabatın dərc olunmasına az bir müddət qalmış minoritar investorların qorunması üzrə göstəricinin (PMI) hesablanmasının metodologiyasında dəyişiklik edib ki, bu da Azərbaycanın hesabatda daha üç bənd itirməsinə səbəb olub. Bu dəyişikliyin gələcək hesabatlarda reallaşması gözlənilsə də, Dyankov onun Azərbaycanın reytinqinə mənfi təsir edəcəyini bilib, həmin dəyişikliyin tətbiqini sürətləndirib və dəyişiklik bir neçə həftə ərzində tətbiq edilib. Daha sonra müsahibəsində S. Dyankov PMI metodologiyasını dəyişdirməyin lazım olduğunu qəbul etsə də, üzv ölkələrə təklif olunan düzəliş haqqında əvvəlcədən məlumat vermək və onu gələcək hesabatlara daxil etmək əvəzinə, dəyişikliyi dərhal etməklə səhv etdiyini etiraf edib.
Qeyd edək ki, 2018-ci və 2020-ci illərdə Dünya Bankının “Doing Business” hesabatlarında bildirilən məlumat pozuntuları ətrafında faktların və vəziyyətin müstəqil xarici araşdırmasını “WilmerHale” ABŞ hüquq şirkəti aparıb.
Xatırladaq ki, ötən ilin yayında Dünya Bankı məlumatların işlənməsinin düzgünlüyünü yoxlamaq üçün illik “Doing Business” hesabatını dərc etməyi dayandırdığını açıqlamışdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button