Gündəm

DGK: “Pandemiya dövründə narkotik vasitələrin daşınması kəskin artıb”

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sərnişinlərin sərhədkeçmə prosesinə tətbiq olunan məhdudiyyətlər səbəbindən faktların sayında azalma müşahidə olunsa da, əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq xarakter daşıyan qanunsuz dövriyyəsi: yayılma arealı və mövcud daşınma kanalları” mövzusunda keçirilən veibinarda Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov deyib.

O, qeyd edib ki, gömrük orqanlarının səmərəli fəaliyyəti nəticəsində 2021-ci ildə 3 ton 43 kq 507 qram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb: “2020-ci illə müqayisədə 2021-ci ildə aşkar edilən narkotik vasitələrin miqdarı 2 dəfədən çox artıb. Ümumilikdə isə gömrük orqanları tərəfindən 2019-2021-ci illər ərzində 6 ton 522 kq 640 qram əsasən təhlükəlilik dərəcəsi yüksək olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkilində beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi önəm daşıyır və Azərbaycan gömrüyü bu istiqamətdə zəruri tədbirlər həyata keçirir.

Son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib və yaradılan əlverişli infrastruktur hesabına bu nəqliyyat dəhlizləri ilə daşınan yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin həcmi artıb. Baş İdarənin rəisi vurğulayıb ki, əlverişli nəqliyyat infrastrukturundan narkoqaçaqmalçılar da istifadəyə cəhd edir və bu cəhdlərin qarşısının alınması istiqamətində görülən qətiyyətli tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button