Gündəm

Deputat Ziyad Səmədzadənin Mövlam Şıxəliyevin məhkəməsinə çağırılması tələb olunur

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesə yenə də jurnalistlər buraxılmayıb.

Prosesdə Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda direktor işləmiş İbrahim Zeynalovdan 8 milyon manat alınması ilə bağlı epizod üzrə dinləmələr olub.

İttihama görə, İbrahim Zeynalov 2002-ci ildən 19 dekabr 2008-ci ilə kimi Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda direktor işləyib. 2007-ci ildə Bakı şəhərində sintetik xalça fabriki tikib, həmin xalçaların istehsalını təşkil etməyə qərar verib.

Bu ərəfədə isə Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz əməlləri ilə üzləşib. İstintaq sənədlərinə görə, o, MTN tərəfindən saxlanılıb, hədə-qorxu yolu ilə 8 milyon manatı ələ keçirilib.

İbrahim Zeynalov iddia edir ki, onun bu vəziyyətə düşməsində deputat Ziyad Səmədzadə günahkardır.

İş üzrə digər zərərçəkən Zaur Əliyev də vəsatət qaldıraraq, deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin baş verənlərdə günahkar olduğunu bildirib, onların məhkəmədə ilkin olaraq şahid qismində dindirilməsini istəyib.

Z. Əliyev bildirib ki, Mövlam Şıxəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində vətəndaşların başına müsibətlər açıb: “Vəzifədə olarkən müxtəlif qanunsuz əməllər törədiblər. İstintaqın qənaətinə görə, Mövlam Şıxəliyev və başına yığdığı, hazırda onunla birgə məhkəmə qarşısına çıxarılan digərləri 36 Azərbaycan vətəndaşından hədə-qorxu və quldurluq yolu ilə 20 milyon manat alıblar. Hesab edirik ki, istintaq obyektiv, prinsipial, düzgün aparılsaydı, zərərçəkənlərin sayı dəfələrlə artıq, 20 milyonluq zərər isə 200 milyon manatı belə aşardı”.

Z. Əliyev vəsatətində göstərib ki, İbrahim Zeynalovu MTN-də girov olaraq 7 ay 17 gün saxlayıblar: “Həmin müddətdə o, MTN-də oturub qohum-qardaşının bu dəstənin ondan tələb etdiyi 10 milyon dolları toplamasını gözləyib. Yasin Məmmədov İbrahim Zeynalovu həmin vaxt dəfələrlə kabinetinə çağırtdırıb, hər dəfə də pul tələb edib. Deyib ki, pulu düzəlt ver, nazirin göstərişidir ki, sənə baxaq. Nazir isə bunların dəstələrinin başçısı Eldar Mahmudov idi”.

Vəsatətdə bildirilir ki, Ziyad Səmədzadə İbrahim Zeynalovla dostluq edib, onun evinə gedib-gəlib, çörək kəsib: “İbrahim həmişə onun cibinə pul qoyub. Ziyad Səmədzadəyə qızıl saat verib, xarici səfərləri zamanı gediş-gəliş pulunu ödəyib, xərclik verib. İbrahim Zeynalovun dediyinə görə, Almaniyadan xalça toxuyan cihaz sifariş eləmək üçün bankdan pul götürmək istəyib. Ziyad Səmədzadə bildirib ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit götürməsinə kömək edə bilər. Ziyad Səmədzadənin köməyi ilə həmin kredit ayrılıb, İbrahim krediti götürəndən sonra 10 faizini Ziyad Səmədzadəyə verib. İbrahimin sözlərinə görə, xalça fabriki işə düşəndən sonra Ziyad Səmədzadə fabrikin 51 faizinin ya öz adına, ya da qızının adına keçirilməsini istəyib. İbrahim bununla razılaşmayıb, aralarında narazılıq yaranıb. Ziyad Səmədzadə deyib ki, gör, sənin başına nə oyun açacam. Sonra da İbrahimi tutdurub”.

Digər zərərçəkən Hüseyn Səfərov isə məhkəmənin bu günə qədər heç bir vəsatətlərinin təmin etməməsindən narazılıq edib: “Bütün vəsatətlərimizi qulaqardına vurursunuz. Ötən prosesdə təqsirləndirilən Vüsal Ələkbərov barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi və həbsini tələb etdik, təmin olunmadı. Həmin prosesdən sonra məhkəmə zalında Vüsal Ələkbərov təhqiramiz ifadələr işlətdi. İstədi ki, mən reaksiya verim. Məhkəmə zalında əlbəyaxa olmağımızı istəyirsiniz?

Digər zərərçəkən Zaur Əliyev vəsatət verib Ziyad Səmədzadənin, Mövlam Şıxəliyevin bizə qarşı cinayətlərdə iştirak etmiş oğlunun məhkəmədə şahid qismində dindirilməsini istəyir. Biz zərərçəkənlər bu vəsatəti dəstəkləyirik”.

Zərərçəkən Elvar Əliyev isə daha ciddi ittiham səsləndirib. O, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat yığıldığını deyib: “Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat verilməlidir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa Mövlam Şıxəliyevin azad edilməsi üçün rüşvətdir? Xahiş edirəm sualıma cavab verin”.

İş üzrə zərərçəkən Əfsəl Həsənəliyev isə hakimin Ziyad Səmədzadə və Elgün Şıxəliyevlə bağlı vəsatəti təmin etməməsinə əsəbi reaksiya verib: “Niyə vəsatəti təmin etmirsiniz, niyə qanunları pozursunuz? Bunlar xalqı dövlətdən, prezidentdən narazı salan adamlardır. Siz məni intihara sürükləyirsiniz. Vəsatətlərimizi təmin edin. Vaxtilə Gəncə Ağır Cinayətlərə Məhkəməsində hakim Kəramət Əliyev bizə qarşı cinayətlərə göz yumdu. Prezident Eldar Mahmudovu işdən çıxarandan sonra Kəramət Əliyev qapıma gəlib uşaq kimi hönkürüb ağladı. Məndə onun səs yazıları, videosu da var. Sizi də Kəramət Əliyevin durumunda görmək istəmirəm “.

Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışını davam etdirməsinə imkan verməyib.

Proses aprelin 19-da davam edəcək.

Qeyd edək ki, ittihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button