Gündəm

Deputat: “Ermənistan yenə vaxt qazanmaq, öhdəliklərdən yayınmaq istəyir”

“Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə regionda yeni reallıqlar yarandı. Düşünmək olardı ki, müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan reallıqlara uyğun davranacaq. Amma görünən odur ki, Ermənistanda hələ də revanşizm əhval-ruhiyyəsi hökm sürür. Bu isə onları getdikcə daha da çətin duruma salır”.

“Report” xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Ermənistan bir tərəfdən Qarabağda qanunsuz silahlı birləşmələrinin əli ilə müxtəlif təxribatlar törədir, digər tərəfdən guya sülh müqaviləsinə hazır olduğunu bəyan edir: “Məlum olduğu kimi Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Həmin təkliflər belə halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan üzdə həmin təklifləri qəbul etdiyini və guya sülh müqaviləsinə hazır olduğunu göstərməyə çalışır. Lakin arxada ikili oyununu davam etdirir, təklif və şərtlərlə çıxış etməyə çalışır”.

V.İskəndərov bildirib ki, Ermənistanın son addımları bu oyunun detallarını ortaya qoyur: “Görünən odur ki, bu kontekstdə Ermənistan ATƏT-in Minsk qrupunun prosesə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həlli üzərində dayanmağa çalışır. Halbuki məhz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ucbatından Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu qrupun həll etməli olduğu məsələni isə 44 günlük müharibə zamanı Azərbaycan özü həll etdi”.

Deputat qeyd edib ki, bütün bunlardan sonra Ermənistanın niyə məhz Minsk qrupunu yenidən dövrəyə cəlb etmək istəməsi əslində təəccüblü deyil: “Ermənistan yenə vaxt qazanmaq, regionda əbədi sülhün əldə olunması üçün üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir. Bu istəyə çatmağın yolu da necə deyərlər, müharibədən sonra ölü təsisata çevrilən ATƏT-in Misk qrupuna “dirildilməsindən” gedir. Daha dəqiq desək, hazırkı dövrdə ATƏT-in prosesə yenidən cəlb edilməsi, turist diplomatiyasının bərpası deməkdir. Bu, nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab verir, regionda davamlı sülhün bərqərar edilməsinə xidmət göstərmir. Bu ancaq regionda sabitliyin olmamasında maraqlı olan məlum xarici güclərin və Ermənistandakı revanşistlərin, o cümlədən bu ölkənin gah nala, gah mıxa vuran hakimiyyətinin işinə yarayır.

Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistan sülh prosesinə ancaq sözdə pozitiv münasibət nümayiş etdirir. Lakin bədnam qonşumuzun davranışı mahiyyət etibarilə söz güləşdirmək və sülh sazişinin imzalanmasını yubatmaqdan ibarətdir”.

Deputatın sözlərinə görə, bu cür davranış regionun inkişafı üçün qarşı tərəfə sülh əlinin uzadan Azərbaycanın səbr kasasını daşdırır: “Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil. Buna görə də Ermənistan rəhbərliyi tarixə bir daha nəzər salmalı və başa düşməlidir ki, Azərbaycanın rasional təkliflərindən imtina siyasəti onun hansı dividendlərdən məhrum edib.

Ermənistan vaxtilə işğal siyasətindən əl çəkib, Azərbaycanla münasibətlərini normallaşdırıb BTC-nin öz ərazisindən keçməsinə nail olsaydı, böyük maliyyə və iqtisadi dividendlər əldə edə bilərdi. Lakin ölkə bu şansı əldən buraxdı. İndi də Zəngəzur dəhlizini əngəlləməklə yeni mühüm imkanları əldən buraxır.

Hazırda Çindən Avropaya alternativ marşrutlar böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ermənistanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan həmin marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və İrəvan yenə də oyundan kənar vəziyyətdə qaldı. Ermənistan hakimiyyəti bilməlidir ki, vaxt getdikcə tükənir. Əgər bu ölkənin var olmasını istəyirlərsə, özlərində ağıllı addımlar atmağa güc tapmalıdırılar”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button