Dünya

“Dəniz ticarətində maneələr aradan qaldırılmalıdır”

Hindistanın Baş naziri Narendra Modi BMT Təhlükəsizlik Şurasının ötən günkü iclasında açıq müzakirələr zamanı qanuni dəniz ticarətində maneələrin aradan qaldırılmasına çağırış edərək, hər kəsin rifahının aktiv dəniz ticarətindən asılı olduğunu və bu sahədə istənilən maneənin bütün dünya iqtisadiyyatına təhdid yarada biləcəyini bildirib.

İstiqlal.az xəbər verir ki, Baş nazir Modi videokonfrans formatında baş tutmuş “Dənizdə Təhlükəsizliyin Artırılması: Beynəlxalq Əməkdaşlığın Lehinə Arqumentlər” mövzusunda müzakirələrə sədrlik edərək, dəniz marşrutlarının beynəlxalq ticarət üçün həyati əhəmiyyət kəsb etdiyini və ümumi dəniz irsinin bir çox problemlərlə üzləşdiyini deyib. O, dəniz mübahisələrinin beynəlxalq hüququn əsasında həlli də daxil olmaqla, dənizdə təhlükəsizliyin təmin edilməsi strategiyasının beş əsas prinsipini irəli sürüb.: “Biz qanuni dəniz ticarətinin qarşısında duran maneələri aradan qaldırmalıyıq. Hamımızın rifahı dəniz ticarətinin aktiv axınından asılıdır. Bu sahədə istənilən maneə bütün dünya iqtisadiyyatına təhdid yarada bilər. Okean bizim ümumi irsimizdir. Bizim dəniz yollarımız beynəlxalq ticarət üçün həyati əhəmiyyət kəsb edir. Ən əsası isə odur ki, bu planetimizin gələcəyi üçün çox vacibdir. Lakin bizim bu ümumi dəniz irsimiz bu gün bir çox problemlərlə üzləşib”.

Dəniz marşrutlarının quldurluq və terrorizm məqsədləri üçün sui-istifadə olunduğunu qeyd edən baş nazir bildirib ki, bir çox ölkələr arasında dəniz mübahisələri mövcuddur. İqlim dəyişikliyi və təbii fəlakətlər də dənizçilik sahəsi ilə bağlıdır.

Baş nazir deyib ki, beynəlxalq birlik təbii fəlakətlərə və qeyri-dövlət subyektlərinin yaratdığı dəniz təhdidlərinə qarşı birgə mübarizə aparmalıdır.

Baş nazir Modi Hindistanın BMT TŞ-nin iclasına sədrlik edən ilk baş naziridir.

Görüşdə BMT TŞ-nin üzvü olan bir neçə ölkənin dövlət və hökumət başçıları, eləcə də BMT sistemindən və əsas regional təşkilatlardan olan yüksək səviyyəli məruzəçilər iştirak edirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button