Gündəm

Çexiyanın xarici işlər naziri Azərbaycana gəlib

Bu gün, sentyabrın 23-də Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, görüş Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinə daxil ölkələrin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiyanın təşəbbüsü ilə gerçəkləşib.

Məlumata görə, görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək son 9 ayda Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib: “Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunan Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə hüquqpozmalara dair məlumatların mübadiləsi,…. müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib”.

Açıqlamaya görə, Azərbaycan Baş prokuroru Kamran Əliyev 44 günlük müharibədən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıb: “Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti diqqətə çatdırılıb…”.

Məlumata görə, Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlığa görə təşəkkür edib: “Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib”.

Azərbaycan tərəfi 2020-ci ildə 44 gün çəkən müharibədə 7 hərbi qulluqçusunun itkin sayıldığını bildirib.

Rəsmi qurumların açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 25 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb. Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarına aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Xatırlatma

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button