İdman

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazana bilər

Bu gün UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.

İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

A qrupunda PSJ Fransada Belçika “Brügge”sini qəbul edəcək. İngiltərənin “Mançester Siti” klubu isə Almaniyada “Leyptsiq”in qonağı olacaq. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə “Liverpul”u İtaliyada “Milan”la qarşılaşacaq. Qrupun digər oyununda Portuqaliya “Portu”su evdə İspaniyanın “Atletiko” (Madrid) klubunu sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.

C qrupunda Türkiyə “Beşiktaş”ı Almaniyada Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq. Digər görüşdə isə qrup qalibi olan Niderland “Ayaks”ı Portuqaliya “Sportinq”i ilə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda İspaniya “Real Madrid”i doğma meydanda İtaliya “İnter”i ilə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu qəbul edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button