Cəmiyyət

Cərrah: “Hippokrat andında həkim xəstədən pul almamalıdır ifadəsi yoxdur”

Ümumi cərrah Elşən Qədimovun “Report”a müsahibəsi:
– Azərbaycan vətəndaşları cərraha daha çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?
– İnsanlar daha çox öd daşı, artıq çəki və onkoloji xəstəliklərlə bağlı cərrahi müalicə üsuluna müraciət edirlər. Bundan başqa, qalxanabənzər vəzi (zob) xəstəlikləri, anal bölgə xəstəlikləri (babasil, anal çat) üzrə də müraciət sayı üstünlük təşkil edir. Yırtıq əməliyyatları ilə bağlı nisbətən az müraciət olur. Sadaladığım problemlər üzrə cərrahi müalicəyə əksər ölkələrdə müraciət edilir. Azərbaycan da bu tendensiyanın içərisindədir. Həmin xəstəliklərin artma tezliyi müasir həyat tərzi ilə əlaqədardır. “Fast food” yeməkləri, düzgün olmayan qidalanma rejimi, passiv həyat tərzi, radiasiyanın çox olması, zərərli vərdişlər (siqaret, spirtli içki) xəstəliyin artmasına zəmin yaradır.
– Əvvəlki illərlə müqayisədə yuxarıda adları çəkilən xəstəliklərə “gəncləşir” demək olarmı?
– Bu gün üçün demək olar ki, bütün xəstəliklər “gəncləşir”. Xüsusilə də ölkədə gənclərdə onkoloji xəstəliklər müşahidə edirik.
– Hansı daxili orqanların xərçəng xəstəliyi əməliyyatı daha risklidir?
– Bizə daha çox qarın boşluğu orqanlarının onkologiyası ilə bağlı müraciət olur. Qaraciyər və mədəaltı vəzi xərçənginin əməliyyatı daha ağırdır. Çünki onlar birbaşa böyük magistral damarlara çox yaxın və sıx yerləşiblər. Əməliyyat zamanı həmin damarların yanından orqanların kəsilib çıxarılması texniki çətinlik törədir. Ümumi götürdükdə isə mədə-bağırsaq sisteminin onkoloji xəstəliklərinin çətini, asanı olmur. Bu, daha çox pasientin xəstəliyin hansı mərhələsində həkimə müraciət etməsindən asılıdır. Xərçəng xəstəliyi dedikdə orqanların bəd xassəli şişlərini nəzərdə tuturuq. Əgər onkoloji xəstəlikdən əziyyət çəkən şəxs erkən mərhələdə həkimə müraciət edərsə, az travmatik əməliyyata məruz qala, hətta xəstəlikdən sağala da bilər. Həmin xəstələrə laparoskopik üsulla orqansaxlayıcı əməliyyatlar icra etmək mümkündür. Gec mərhələdə gələn pasiyent üzərində onkoloji radikallığı təmin etmək üçün böyük əməliyyata ehtiyac yaranır. Bəzən bir orqanda yaranan xərçəng yanaşı yerləşən digər orqanlara sirayət etdiyi üçün eyni anda bir neçə orqan üzərində əməliyyat etmək məcburiyyətində qalırıq. Belə əməliyyatlar həm riskli, həm də daha travmatikdir.

– Onkoloji xəstəlikdə cinsə görə fərq varmı?
– Qadınlar arasında ilk sırada süd vəzisi, ikinci yerdə ağciyər, üçüncü yerdə isə yoğun və düz bağırsaq xərçəngi müşahidə edilir. Kişilərdə isə daha çox prostat vəzi, ağciyər, və mədə-bağırsaq xərçəngi gəlir. Yoğun bağırsaq xərçəngi kişilərdə qadınlara nisbətdə daha çox yaranır. Buna səbəb kişilərdə zərərli vərdişlər (siqaret və spirtli içki) daha çox olmasıdır.
– Xəstələr qorxduqları üçün adətən cərrahi müalicə üsulundan ehtiyat edirlər. Bunun üçün əsas varmı?
– “Xərçəngə bıçaq vurmaq olmaz”, “bu xəstə mütləq ölümə məhkumdur” və bu kimi fikirlər sadəcə mif və müasir təbabətdə qəbul olunmayacaq məfhumlardır. Bu gün hətta xərçəng xəstəliyindən tam sağalmaq mümkündür. Əsas odur xəstələr vaxtında həkim müayinəsindən keçsinlər. Bir çox xəstəliklər vaxtında aşkar olunsun ki, xərçəngin qarşısı vaxtında alına bilsin. Yaxud da xərçəng xəstəliyini erkən mərhələdə aşkar etdikdə uğurlu şəkildə əməliyyat edib xəstəni tam sağaltmaq mümkündür.
Biz cəmiyyət olaraq öz sağlamlığımıza qarşı laqeyd davranırıq. Ona görə də hansısa xəstəliyin erkən dövründə həkimə müraciət edənlərin sayı az olur. Ancaq yenə də bu, o demək deyil ki, pasientin xəstəliyin daha irəli mərhələsində sağalmaq şansı yoxdur. Sadəcə gec müraciət sağalma müddətini uzatmış olur. Hətta əməliyyat olunan xəstələr belə sonradan ümumi profilaktik müayinə üçün gəlmirlər.
– Qalxanabənzər vəzin düyünləri hansı hallarda yaranır və hansı düyünlər daha təhlükəlidir? Hansı düyünlər əməliyyat olunmalıdır?
– Qalxanabənzər vəzin düyünləri mənşəyinə görə bir neçə növə bölünür. Bunların da bəd və xoşxassəli düyünləri var. Onkoloji xəstələri düzgün müalicə etmək üçün dünyada qəbul olunan protokollara əsaslanmaq lazımdır. Bu halda uğur qazanmaq mümkündür. Protokoldan kənara çıxma halları mənfi nəticələrə səbəb ola bilər. Müalicə zamanı şübhəli görünən qalxanabənzər vəzi düyünlərindən nazik iynə vasitəsilə bir parça götürülərək mikraskop altında sitoloji müayinəyə verilir. Bu müayinənin nəticəsinə görə qəbul olunan 5 fərqli nəticələr var. Bununla da düyünlər barədə məlumat əldə edirik. Bu düyünlərə fərqli yanaşma mövcuddur. Ən təhlükəlisi bədxassəli və bununla bağlı şübhə doğuranlardır. Düyünlərin hansı mərhələdə olmasına görə də əməliyyatın həcmini müəyyənləşdiririk. Misal olaraq, erkən mərhələdə qalxanabənzər vəzin bir payını götürə bilərik, daha irəli mərhələdə isə iki pay götürülür. Xoşxassəli düyünlər olsa belə əgər böyük ölçüdədisə (4 sm-dən artıq) əməliyyat edə bilirik. Arıq xanımlarda 2 sm həcmində olan düyünlər kosmetik problem yaratdığına görə də cərrahi müdaxilə oluna bilər.

– Deməli, dərman müalicəsi məsələnin həlli deyil…
– Qalxanabənzər vəzi düyünləri ya əməliyyat olunmalıdır, ya da ona toxunulmamalıdır. Əgər bu xoşxassəli və kiçik düyünlərdirsə, yalnız müşahidə aparırıq. 3-6 ay müddətində həmin xəstələr həkim nəzarətində olmalıdır. Ultrasəs (USM) müayinəsi zamanı ölçülərdə artma olarsa əməliyyat tövsiyə olunur. Yox, əgər ölçüdə heç bir dəyişiklik yoxdursa, həmin şəxslər də digər insanlar kimi həyatlarını yaşayacaqlar.
– Zəhərli zob nədir və müalicəsi yalnız cərrahi üsulla mümkündür?
– Zob qalxanabənzər vəzin böyüməsinə deyilir. Buna yanaşma tamam başqadır. Belə ki, onlara düyünlü zob kimi yanaşmırıq. Zəhərli zobların əksəriyyəti dərman müalicəsinə tabe olur. Əvvəllər dərman müalicəsinə tabe olmayan xəstələri əməliyyat edərdilər. Hazırda radioaktiv yodla artıq hormon ifraz edən hüceyrələri dağıtmaq mümkündür. Yəni, əməliyyata ehtiyac qalmır. Yalnız radioaktivyod müalicəsinə əks göstəriş olan xəstələri əməliyyat etmək qaçılmaz olar.
– Təcrübənizdə rast gəldiyiniz ən qeyri-adi şiş və ya xəstəlik hansı olub?
– Adətən onkoloji xəstəliyin gecikmiş mərhələsində digər orqanlara yayılan şişləri götürmək daha ağır olur. Çünki bu zaman bir neçə orqan üzərində eyni vaxtda əməliyyat etmək məcburiyyətində qalırıq. Bəzən bir neçə fərqli ixtisas həkimləri birgə əməliyyat edirik. Əməliyyatda əsas məqsəd gözlə görünən xərçəngdən xəstəni azad etməkdir. Əgər buna nail olmuşuqsa əməliyyat tam radikal hesab olunur. Bunun üçün də peşəkar komanda olmalıdır. Ən uzun müddət çəkən əməliyyatımız 6 saat çəkib.
– Bir çox vətəndaş öd kisəsindəki daşlardan şikayət edir. Bu xəstəliyin dərmanla müalicəsi varmı?
– Son dövrlər ölkədə öd daşı xəstəliyi artmaqdadır. Bu da düzgün və sağlam olmayan qidalanma, passiv həyat tərzi, zərərli vərdişlərlə əlaqəlidir. Qadinlarda hormonal dəyişikliklər də bu xəstəliyə rəvac verir. Xüsusilə də hamiləlik zamanı bu problem daha da çox müşahidə olunur. Öd daşı xəstəliyində dərman müalicəsi demək olar ki, effektsizdir. Yalnız 10 % halda dərman müalicəsi effektiv ola bilər. Bu da yalnız daşın tərkibini bildikdən sonra mümkündü. Yəni 1 sm olan xolesterin daşlarına dərman müalicəsi təyin oluna bilər. Ümumilikdə isə öd daşı xəstəliyi olan şəxslər əməliyyat olunaraq öd kisəsi tamamilə çıxarılmalıdır. Şəkərli diabetdən əziyyət çəkən şəxslərdə öd kisəsinda daş varsa əməliyyat mütləqdir. Çünki həmin şəxslərdə maddələr mübadiləsində müəyyən pozuntular qeydə alındığından daşların ölçüsü artacaq. Eyni zamanda şəkərli diabet xəstələrində sancı o qədər də hiss olunmaz və öd kisəsi qanqrena verə bilər. Bu da xəstə həyatı üçün riskdir. Bundan başqa qan xəstəliyi olan şəxslər üçün də əməliyyat göstərişdir.
– Qasıq yırtığı əməliyyatları təhlükəlidirmi? Bəzən valideynlərin türkə çarə üsulu ilə bu yırtıqların bərpa olunacağına ümid edirlər.
– Yırtıq xəstəliyinin en ciddi ağirlaşması onun boğulmasıdı.Əgər zamanında əməliyyat olmazsa qan dövranı pozğunluğu nəticəsində bağırsaq çürüməsi qeydə alına bilər. Bu mərhələdə isə çox ağır əməliyyat lazım olur. Müasir cərrahiyyədə qarın yırtıqları laparoskopik üsulla çox uğurlu əməliyyat olunur. Biz də xəstələrimizə bu üsulla əməliyyatı seçirik. Yırtıq olan nahiyəyə qəpik bağlamaq olmaz. Son tibbdə yırtıq üçün xüsusi kəmərlər var, onu da çox taxılmasını məsləhət görmürük. Çünki onun bağlanması həmin nahiyədə olan əzələlərin qan dövranını mənfi təsir göstərə və sonda həmin əzələlərin zəifləməsinə səbəb ola bilər. Bununla da yırtığın daha da böyüməsinə təkan vermiş olarıq.

– Vətəndaşlar bir çox hallarda şikayət edir ki, Azərbaycanda cərrahi əməliyyatlar olduqca bahalıdır. Daha bir müzakirə mövzusu Hippokrat andı içən həkimin xəstələrdən pul almasıdır. Həmin and həkimin üzərinə hansı məsuliyyəti qoyur?
– Əslində Hippokrat andını oxuyanlar görə bilər ki, orada xəstədən pul almayacağam sözü yoxdur. Hazırda Azərbaycanda özəl klinikaların sayı kifayət qədərdir və həkimlərin böyük qismi də məhz özəl tibb müəssisələrində fəaliyyət göstərirlər. Təbii ki, özəl xidmətin də müəyyən dəyəri olmalıdır. Qiymətləri əməliyyat zamanı istifadə olunan ləvazimatların, aparatların bahalı olması, kommunal xərclər, həkimin məvacibi müəyyənləşdirir. Əməliyyat bloku olan tibb müəssisəsinin xərcləri əməliyyat üçün alınan məbləğdən çıxır. Bu, bazar iqtisadiyyatıdır. Əməliyyatların növünə görə də qiymətlər dəyişir. Xəstənin əməliyyat üçün ödədiyi məbləğin təxminən 95 %-i onların görmədiyi xərclərə sərf olunur. Misal olaraq, əvvəllər yırtıq əməliyyatları açıq üsulla icra edilirdisə, hazırda laparoskopik üsulla həyata keçirilir. Bunun üçün mürəkkəb texnikadan istifadə olunur. Avropa ölkələrində böyük vəsait tələb edən əməliyyat xərclərini icbari tibbi sığorta qarşılayır. İnanırıq ki, Azərbaycanda da yaxın gələcəkdə yüksək məbləğli əməliyyatlar da məhz icbari tibbi sığorta əsasında öz həllini tapmış olacaq. Dövlət müəssisələrində bu kimi əməliyyatlar sığorta hesabına olsa da, özəl xəstəxanalarda baha başa gəlir. Bu həm xəstə məmnunluğu, həm də bizim işimizin rahat olması baxımından vacibdir.
– Bu günədək neçə əməliyyat icra etmisiniz?
– 2005-ci ildən cərrah diplomum var. O zamandan bu yana kifayət qədər əməliyyatlar icra etmişəm. Dünyada əməliyyat keyfiyyətini dəyərləndirmək üçün həmin həkimin icra etdiyi əməliyyatlarla bağlı bir öyrənmə əyisi var. Bundan cərrahın keçməsi lazımdır. İcra etdiyimiz əməliyyatlarda öyrənmə əyisini çoxdan keçmişik. Bunu nə qədər çox keçsən o qədər də peşəkarlaşırsan. Təvazökarlıqdan uzaq olsa da yetəri sayda əməliyyat icra etdiyimi söyləyə bilərəm.
– Xaricdən iş təklifi almısınızmı?
– Azərbaycan Tibbi Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra ixtisasartırmanı xarici ölkədə keçmişem. Orada olarkən iş təklifləri olmuşdu. Amma Vətən istəyi ölkəmizə qayıtmağı vadar etdi. Azərbaycanlılar Vətənə çox bağlıdır. Hesab edirəm ki, məndə də Vətən sevgisi üstün oldu. Hələ xaricdə fəaliyyətimi davam etdirməyi planlaşdırmıram.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button