İqtisadiyyat

“Buta Airways” aviaşirkəti İzmirə reyslərin sayını artırır

Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyulun 30-dan etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayını artırır.
“Buta Airways”dan “APA-Economics”ə verilən məlumata görə, yay uçuş cədvəli çərçivəsində həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq. Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10-a çatdırılacaq.
Ölkədə epidemioloji vəziyyətlə və məhdudiyyətlərin tətbiqi ilə əlaqədar aviaşirkət biletləri yalnız iki tarif üzrə – “Standart” və “Super” tarifləri – təklif edir.
Hər iki tarifə təyyarədə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Pandemiya ilə əlaqədar tətbiq edilən bütün rəsmi prosedurlardan əvvəlcədən keçmək üçün sərnişinlərə qeydiyyatdan üç saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey
Azərbaycana gələn sərnişinlərin həmçinin ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaları tövsiyə edilir: https://www.butaairways.az/az/covid/azerbaijan
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən il dekabrın 6-dan İzmirə xüsusi reyslər həyata keçirir.
Onu da qeyd edək ki, Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokola əsasən, 2021-ci ilin 1 aprel tarixindən etibarən iki ölkə vətəndaşları sadəcə yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa səfərlər edə bilərlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button