Cəmiyyət

Bu il Azərbaycanda 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb – rəsmi

Bu il polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı 2 ton 993 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

O deyib ki, qeyd edilən dövr ərzində qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 1 ton 409 kiloqramı ağır tərkibli narkotik vasitə hesab edilən heroindir: “Həmçinin, daxili işlər orqanları tərəfindən ilin əvvəlindən 276 kiloqram metamfetamin və digər növdən olan psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

2021-ci ilin 10 ayı ərzində polis əməkdaşları tərəfindən ölkə ərazisində 7 397 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma faktı aşkar edilib. Bu faktlardan 2 718-i narkotik vasitə və psixotrop maddələrin satışı, 4 210-u narkotik vasitə və psixotrop maddələri saxlama, 374-ü qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 95-i isə narkotik maddələrin qanunsuz dövriyyəsinin digər növünə aid olan faktlar təşkil edib”.

“Hesabat dövründə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. Ümumilikdə isə bu dövr ərzində polis əməkdaşları tərəfindən 4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib”, – o vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button