İqtisadiyyat

“Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub”

Azərbaycanda 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 mlrd. manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Nazir əlavə edib ki, aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir: “Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub”.
Nazir həmçinin əlavə edib ki, indiyədək aqroparklarda ümumi olaraq 5 000-dək insan daimi, 4 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button