Cəmiyyət

BŞİH-in sabiq Aparat rəhbəri son söz üçün məhkəmədən vaxt istəyib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Rəsul Yusifbəyli çıxış edərək bildirib ki, R. Quliyevə qədər bu işlə bağlı başqa şəxslərin barəsində cinayət işi başlanılmalı idi.

“Onlar məsuliyyətə cəlb olunandan sonra Rasim Quliyevə iş gəlib çatardı. Çünki Rasim Quliyev hazır sənədə qol çəkib. Artıq söküntü və tikinti işləri ilə bağlı müxtəlif dövlət strukturlarının rəyləri vardı. Həmin rəylərlə tikintiyə razılıq verilmişdi. Bu ittihamların heç biri Rasim Quliyev tərəfindən törədilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmünün çıxarılmasını tələb edirik”, – vəkil vurğulayıb.

Daha sonra R. Quliyevin digər vəkili Ədalət Mövlayev replika hüququndan istifadə edərək çıxış edib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov yerli icra hakimiyyətləri haqqında Əsasnamənin tələblərini pozaraq 2017-ci ilin oktyabrında Rasim Quliyevi icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair sərəncam verib: “Bu, qanuna ziddir. Belə olan halda isə istintaqı aparan istintaq orqanı qeyri-qanuni olaraq Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Ona görə də qeyri-qanuni olaraq qəbul edilən bu sərəncam sübut növü kimi sayıla bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Belə olan halda Rasim Quliyevə elan edilmiş ittiham heç bir qanuni qüvvəyə malik olmur”.

Rasim Quliyev son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button