İqtisadiyyat

BP dayazsulu Abşeronda üçüncü quyunu 2022-ci ilin ilk rübündə qaza bilər

Abşeron yarımadası ətrafında dayazsulu sahəsində (AYDS/SWAP) üçüncü kəşfiyyat quyusunun (QBDX01) qazılmasına 2022-ci ilin I-ci rübündə başlanılması planlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə “BP-Azerbaijan” şirkətinin qazma üzrə mühəndisi Aysel Talıbova Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişi çərçivəsində  kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyunun qazılması) üzrə BP tərəfindən hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasının ictimai müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, SWAP layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun (BHEX01) qazılmasına 2021-ci ilin IV rübündə başlanılması planlaşdırılır.
İkici quyu üzrə qazma işlərinin təxminən 3 ay ərzində tamamlanacağı planlaşdırılır. Əlavə 1 ay müddətində də qiymətləndirmə məqsədli yan lülənin qazılması planlaşdırılır ki, bu da BHEX01 kəşfiyyat quyusunun qazılmasının uğurla tamamlanmasından sonra bir sıra hədəflər əldə edildiyi təqdirdə qazılacaq.
A.Talıbovanın sözlərinə görə, ehtiyat üçün nəzərdə tutulur ki, logistika yaxud əməliyyatlar səbəbindən gecikmə olduğu təqdirdə, əvvəlki təcrübəyə və ən yaxşı hesablamalara əsasən 2 ayadək gecikmə baş verə bilər.
Şirkətin nümayəndəsi onu da əlavə edib ki, layihə çərçivəsində birinci quyunun (NKX01) qazılmasına cari ilin III-cü rübündə başlanılacaq.
Qeyd etmək lazımdır ki, SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir. Sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın “Satti” qazma qurğusundan (modifikasiyadan sonra) aparılacaq.
BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən “BP Exploration (Caspian Sea) Ltd” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button