Mədəniyyət

Borçalı xalçalarına Gürcüstanın mədəni irs abidəsi statusu verilə bilər

Borçalı xalçaları Gürcüstanın qeyri-maddi mədəni irs abidələri siyahısına daxil edilə bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu istiqamətdə bir ildən çoxdur aparılan kampaniya “Həmrəylik Muzeyi” qeyri-hökumət təşkilatına məxsusdur.

QHT-nin sədri Elnur Əlisoy büroya müsahibəsində deyib ki, kampaniya çərçivəsində müxtəlif araşdırmalar, məlumatlandırma tədbirləri aparılıb, turlar təşkil olunub və toxucu qadınlar haqqında məlumatlar toplanıb: “Beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə razılığa gəlindi ki, Borçalı xalçalarının qeyri-maddi mədəni irs abidəsi kimi tanınması üçün Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinə müraciət olunsun. Qeydiyyat kartı artıq hazırlanıb və gələn ilin əvvəlində təqdim edilməsi nəzərdə tutulub”.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan istənilən etnik və dini azlığın təmsil etdiyi mədəniyyət ölkənin mədəniyyətidir və dövlət bunu özününkü kimi qəbul etməyi bacarmalıdır: “Borçalı xalçalarına status təqdim olunması ilə Gürcüstan dövləti etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz vətəndaşlarının mədəniyyətini öz mədəniyyəti kimi qəbul etməyə başlayacaq. Bu, ən böyük uğur olacaq. İkincisi, abidə statusu təqdim olunandan sonra kampaniyamız muzeylər istiqamətində davam etdiriləcək. Azərbaycanlıların yaşadıqları bölgələrdə tarix- diyarşünaslıq, həmçinin mərkəzi muzeylərdə Borçalı xalçalarının təmsil olunmasına çalışacağıq. Bununla yanaşı, abidə kimi qəbul edilmiş ənənənin yaşadılması və davam etdirilməsinə dövlət və özəl sektorun dəstəyi, qədim xalçaçılıq ənənəsinin tədrisi, həmçinin toxunması və satışı üçün müvafiq infrastrukturun yaradılması da tələb olunacaq”.

E.Əlisoyun fikrincə, bu gün Gürcüstanda Borçalı xalçaçılıq sənəti təhlükə altındadır: “Toxucuların sayı olduqca azdır və əksəriyyəti çox yaşlıdır. Bu toxucuları itirdikdən sonra onları əvəzləyə biləcək yeni nəsil yoxdur. Hazırda yaşlı nəslin əksəriyyəti belə toxunmanın bütün incəliklərini bilmir. Borçalı xalçalarının toxunması Tetritskaro (Ağbulaq), Marneuli və Tbilisidə bir neçə kurslarda öyrədilir. Bu yolla yeni nəsil xalçaçıların yaradılmasına cəhdlər edilir. Sadəcə olaraq, kurs iştirakçılarının böyük hissəsi xalçaçılığı peşə kimi deyil, hobbi kimi öyrənir. Bu səbəbdən peşəkar yeni nəslin yetişib-yetişməyəcəyini demək çətindir”.

Qeyd edək ki, ötən həftəsonu Tbilisidə keçirilmiş ənənəvi xeyriyyə yarmarkasında E.Əlisoyun rəhbərlik etdiyi “Rewoven” ictimai sahibkarlıq müəssisəsi ayrıca guşə ilə iştirak edib. Diplomatlar, yerli və əcnəbi ziyarətçilər sərgilənən Borçalı xalçalarına böyük maraq göstəriblər. Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri – Faiq Quliyev və Fatma Ceren Yazqan da guşəni ziyarət edib. Onlara nəfis Borçalı xalçalarının toxunma ənənəsi və naxışların rəmzi mənaları barədə ətraflı məlumat təqdim olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button