İqtisadiyyat

Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq

Bu ilin oktyabr ayından Bolqarıstan Azərbaycan qazının idxalını artıracaq.
“APA Economics”in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Bulgargaz” şirkətinin baş direktoru Nikolay Pavlov bildirib.
Bolqarıstanın ildə təxminən 3 mlrd. kubmetr qaz idxal etdiyini vurğulayan N. Pavlovun sözlərinə görə, qlobal qaz qiymətlərinin artmasının təsirini azaltmaq üçün ölkə oktyabr ayından etibarən Azərbaycan qazının idxalını artıracaq.
Hazırda Bolqarıstan Azərbaycandan ildə 1 mlrd. kubmetr qaz idxalı ilə bağlı müqavilənin yalnız bir hissəsini yerinə yetirir, çünki qazın Bolqarıstana nəql edilməli olduğu boru kəməri – Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (IGB) hələ də tikilməkdədir və onun gələn ilin iyulunda istismara verilməsi gözlənilir.
Qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında Bolqarıstan 225 mln. kubmetr Azərbaycan qazı idxal edib. Oktyabr ayından isə Bolqarıstan Azərbaycandan qazın idxalını üçdə bir qədər artıracaq.
Xatırladaq ki, IGB-nin istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.
Qeyd edək ki, Bolqarıstanın “Bulgargaz” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində “Şahdəniz” konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button