İqtisadiyyat

BMT və Azərbaycan arasında memorandum imzalanıb

BMT-nin Azərbaycandakı Ofisi Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BMT-nin Qlobal Sazişi vasitəsilə korporativ dayanıqlığı təşviq etmək məqsədilə anlaşma memorandumu imzalayıb.
“APA-Economics” xəbər verir ki, sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SİF-in İdarə Heyətinin sədrinin əvəzi Osman Xaliyev imzalayıblar.
Memorandumun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədərlərlə uyğunlaşdırılmış beş sosial-iqtisadi inkişaf prioritetlərinə nail olmaq üçün cəmiyyət, biznes və dövlət arasında münasibətləri gücləndirmək, COVID-19 pandemiyasından bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir.
Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək, insan hüquqları, ətraflı mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini SİF və KOBİA-nın maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər.
Qeyd edək ki, 160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini on prinsipə uyğunlaşdırmağa və BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. BMT-nin Qlobal Sazişinin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button