Dünya

BMT Baş katibi Ramazan ayı münasibətilə videomüraciət ünvanlayıb

Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb.

İstiqlal.az xəbər verir ki, Baş Katib bütün dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularını çatdırıb.

Baş Katib müraciətində deyib ki, bu, mərhəmət və şəfqət ayıdır: “Düşünmək və öyrənmək zamanıdır. Bir araya gəlib, bir-birimizi mənəvi cəhətdən dəstəkləmək imkanıdır. Qaçqınlar üzrə Ali Komissar kimi başladığım ənənəni Baş katib olandan sonra da böyük qürurla davam etdirirəm. Hər Ramazan ayında müsəlman ölkələrinə səfər etmək, həmrəylik orucu tutmaq və iftar zamanı insanlarla çörək kəsmək şərəfinə nail olurdum. Təəssüf ki, COVID-19 pandemiyası bunu mümkünsüz etmişdi. Lakin şadam ki, bu ənənəni bu il bərpa edəcəyəm”.

Baş Katib faciə və əzab-əziyyətin yaşandığı dövrdə münaqişə, köçkünlük və qorxu ilə üzləşən hər kəsi yad edib: “Müqəddəs Quranda da yazıldığı kimi, Allah bir-birimizi tanıyaq deyə xalqları və qəbilələri yaradıb. Bu müqəddəs ayda və hər gün, bütün qadınların və kişilərin təhlükəsizliyi, ləyaqəti, həmçinin firavanlığı üçün əl-ələ verib çalışaq. Gəlin bir-birimizdən öyrənək və birlikdə dinc dünya quraq. Ramazan ayınız mübarək!”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button