Ekspert rəyi

“Bir çox ölkələrdə şirkətlərin sahiblərinin adları açıqdır”

Dünyada korrupsiyanın həcmi ən azı 4.7 trilyondur, korrupsiyaya yönələn məbləğin 70 faizi anonim şirkətlər tərəfindən həyata keçirilir

Şirkətlərə və digər hüquqi şəxslərə sahiblik və ya nəzarət edən şəxslər barədə məlumat əksikliyi vergidən yayınma, çirkli pulların yuyulması, inkişaf etməkdə olan, həmçinin təbii ehtiyatlarla zəngin ölkələrdən pul vəsaitlərinin qeyri-qanuni axını üçün əlverişli mühit yaradır. Bu təşəbbüsü dəstəklədiyini elan edən Azərbaycan benefisiar sahiblik konseptini çirkli pulların yuyulması qanunlarının bir hissəsi kimi öz qanunvericiliyinə daxil edib. Bununhla belə hazırda şirkətlərin qeydiyyatına dair reyestr var. Amma bu da açıq deyil. Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırovla müsahibədə məhz şrkətlərə və digər hüquqi şəxslərə sahiblik və ya nəzarət edən şəxslər dair məlumatların açıqlanması məsələlərindən bəhs etmişik.

-Sabit bəy, benifisiar sahibkarlıq nədir?

-Benifisiar sahibkarlıq bu və ya digər aktivə sahib olmaq və həmin aktiv üzərində nəzarəti həyata keçirməkdir. Kim hansısa aktivə, bu şirkətdir, restorandır fərqi yoxdur, fiziki şəxs olaraq sahibdirsə, o benifisiar sahibkar hesab edilir. Onu da deyim ki, bəzi ölkələrdə bir qədər fərqli məfhumlar işlənilir. Burada iki mühüm amil var: Aktivə sahib olmaq və daha vacibi, aktivə nəzarət etmək, mühüm qəraların qəbulunda əsas şəxs kimi çıxış etmək. Burada artıq fiziki şəxsdən söhbət gedir. Ola bilsin ki, hansısa şirkətin, restoranın, otelin təsisçisi başqa bir hüquqi şirkətdir. O benifisiar sahibkar sayıla bilməz. Buna dair bizim qanunveriilikdə benifisiar mülkiyyətçi məfhumu var. Daha dəqiq səslənsin deyə, qanundan oxuyuram: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda benifisiar mülkiyyətçi haqqında müəyyən açılış var. Qanunda qeyd edilir ki, benifisiar mülkiyyətçi pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxsdir. Beləliklə, bizim qanunvericiliyə görə benifisiar mülkiyyətçi hüquqi şəxs də ola bilər. Beynəlxalq təcrübə ilə prinsipial fərq bundan ibarətdir. Beynəlxalq təcrübədə benifisiar sahibkar kimi yalnız fiziki şəxsdən söhbət gedir.

Ona görə də bizim qanunvericilikdə müvafiq düzəliş edilməlidir ki, biz beynəlxalq hüquqa yaxınlaşaq.

-Qanunun bu şəkildə qəbul edilməsi şəffaflıqla bağlı hansı problemləri yaradır?

– Hüquqi şəxs benifisiar mülkiytçi sayılanda onun arxasında gizlənmək mümkündür. Yəni, konkret adam görünmür. Burada şirkətdən şirkətə keçmək mümkündür. Yəni, məsələn, bir şadlıq sarayının təsisçisi filan şirkətdir. İndi gərək baxasan ki, bu şirkətin təsisçisi kimdir. Doğrudur, çətinliklə olsa da, fiziki şəxsə çıxa bilərik. Amma daha yaxşı olardı ki, fiziki şəxs açıq olsun.

Buna əhəmiyyət verilməsinin səbəbi var. Beynəlxalq səviyyədə mötəbər ekspertlər tərəfindən qeyd edilir ki, dünya səviyyəsində korrupsiayanın həcmi dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 5 faizi qədərdir. 2021-ci ildə dünya üzrə ÜDM 94 trilyon olub. Bunun faizi 4.7 trilyon edir. Deməli, dünyada korrupsiyanın həcmi ən azı 4.7 trilyondur. Digər maraqlı rəqəm ondan ibarətdir ki,  korrupsiyaya yönələn məbləğin 70 faizi anonim şirkətlər tərəfindən həyata keçirilir. Yəni, benifisiar sahibləri olmayan şirkətlər tərəfindən.

Azərbaycan üzrə götürdükdə isə görürük ki, ötən il ÜDM 55 milyard təşkil edib. Bunun 5 faizi təqribən 2.8 milyard edir və əməliyyat anonim şirkətlər tərəfindən həyata keçirilib.

Ona görə də biz anonim şirkətlərə qarşı müabrizə apara bilsək korrupsiyanın da qarşısını ala bilərik. Bunun üçün ilk növbədə dünya ölkələrində olduğu kimi benifisiar sahibkarların açıqlanması gərəkdir.

-Azərbaycanın bununla bağlı bir öhdəliyi varmı?

-Konkret öhdəlik yoxdur. Amma prinsipcə açıq hökumət tərəfədaşlığı üzrə müəyyən milli fəaliyyət planında müəyyən öhdəliklər var.

Biz 2017-ci ilə qədər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olmuşuq. Təəsüflər olsun ki, 2017-ci ildə oranı tərk etdik…

-Səbəb nə idi?

– O vaxt həmin tşkilatının idarə heyətinin Azərbaycanla bağlı qəarları var idi. 2014-cü ildən sonra vətəndaş cəmiyyəti qarşısında bir çox məhdudiyyətlər qoyuldu. Tam səmimi deyə bilərəm ki, bizim ölkədə 2014-cü ilə qədər mövcud olan vətəndaş cəmiyyəti bu gün yoxdur.

2014-cü ilə qədər elə gün olmurdu ki, hansısa tədbirə dəvət olunmayım. Bu gün isə nadir hallarda dəvətlər olur.

Çünki 2014-cü ildə qəbul edilmiş qərarlar vətəndaş cəmiyyətinin zəifləməsinə gətirib çıxarıb.

-Hökumət rəsmiləri şəffaflıqla bağlı müəyyən fikirlər səsləndirilər. Bir dəyişiklik varmı bu istiqamətdə?

-Təəsüflr olsun ki, dəyişiklik yoxdur. Şirkətlərin qeydiyyatına dair reyestr var. Orada təbii ki, müəyyən məlumatlar qeyd edilir. Amma bu da açıq deyil axı. Beynəlxalq təcrübədə görürük ki, bir çox ölkələrdə sahibkarların adları açıqdır. Siyahılar, saytlar var. Şirkətin adını qeyd edirsən, bütün məlumatlar çıxır.

Şrikətin sahibi özünü niyə gizlətsin axı? Deməli, ya həmin şirkətin faəliyyətində hansısa pozuntular var, yaxud da həmin şəxs məmurdur. Belə hallar var və nəticədə ölkənin 2 milyarddan artıq vəsaiti korrupsiyaya istiqamətləndirilir. Bu pullar büdəcə ola bilər və müəllimlərin, həkimlərin, hərbçilərin sosial təminatına sərf edilə bilər.

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “KİV-də “Açıq hökumət” islahatları” layihəs çərçivəsində hazırlanıb və dərc edilib.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button