Cəmiyyət

“Başlıbel qətliamının təqsirkarları tezliklə ədalət mühakiməsi qarşısında cavab verəcəklər” – Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.

Ombudsman Aparatından “Report”a daaxil olan açıqlamada deyilir:

“Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür.

Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilmişdir.

Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilmişdir. Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törətmişlər.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar etmişdir. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilmiş və ayrı-ayrı dəfn olunmuşdur. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olmuşdur və bugünədək itkin hesab olunanlar vardır.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilmişdir.

Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud şəkildə pozulmuşdur.

İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər.”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button