Siyasət

Baş prokuror Koreya səfiri ilə görüşüb

Noyabrın 29-da Azərbaycan Baş prokuroru Kamran Əliyev Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Baş prokuror ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Koreyanın hüquq mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin ölkəmizin hüquq mühafizə orqanlarının inkişafı üçün vacibliyi vurğulanıb, Kamran Əliyev tərəfindən gələcəkdə KOİCA ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə işlərin gücləndirilməsi barədə təklif irəli sürülüb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Kim Tonq Op ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib.

Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edərək Baş prokurorun irəli sürdüyü təklifi dəstəkləyib və bu istiqamətdə zəruri tədbirlərin keçiriləcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button