İqtisadiyyat

Bankların xüsusi ehtiyat fondlarına aid məbləğlərinin vergiyə cəlb edilməsi qaydası məlum olub

Banklar tərəfindən aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası məlum olub.
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiq olunan “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”na əsasən, bəzi xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid ediləcək.
Bu hallar aşağıdakılardır:
– nəzarət altında olan təminatsız aktivlər, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100%-i;
– verilmiş kreditlər üzrə faizlərin ödənilməsi 90 gündən çox gecikdirildiyi halda hesablanmış faizlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin 100%-i. Aşağıdakı hallarda xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir:
– qənaətbəxş aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər;
– aktivin təminatı qismində birinci və ikinci qrup təminat çıxış etdikdə həmin aktivlər üzrə xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər;
– yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələr istisna olmaqla, qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşu (istiqrazlar üzrə yaradılan ehtiyat fondlarına aid edilən məbləğlərin gəlirdən çıxılması bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir). Yeni yaradılan və ya mənfəətlə işləyən müəssisələrin ləğvi istisna olmaqla, onların fəaliyyətinin müvəqqəti dayandırılmasına görə ehtiyatlar yaradıldığı halda həmin ehtiyatlar gəlirdən çıxılmır;
– bank işində istifadə olunmayan aktivlər (əmlak);
– maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada kredit risklərinin qiymətləndirilməsi zamanı tələb olunan, habelə kreditlərin verilməsi ilə bağlı kredit dosyesinə daxil olunacaq sənəd və məlumatlar olmadan verilmiş kreditlər üzrə yaradılan ehtiyatlar.
Ümidsiz aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fonduna aid edilən məbləğlərdən vergitutma məqsədləri üçün həmin aktivlər üzrə təminatın Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupunun əmsalına uyğun likvid bazar qiyməti çıxılır.
Aşağıdakı hallarda keyfiyyət meyarına görə yaradılan xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər gəlirdən çıxılmır:
– qeyri-qənaətbəxş aktivlər üzrə:
kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə;
kredit müqaviləsi və ya kredit müqaviləsinin tərkib hissəsi olan biznes planda müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr olduqda;
borcalanın zərərlə fəaliyyət göstərməsi 1 (bir) ildən artıq davam etdikdə;
müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 (doxsan) gündən çox olduqda;
istehlak kreditləri üzrə borcalanın son 6 (altı) ay ərzində vaxtı keçmiş kreditinin olması;
– gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda həmin aktivlərin aşağıdakı keyfiyyət meyarına görə:
iqtisadi şəraitin dəyişməsi (ÜDM-nin real artım tempinin neqativ zonaya keçməsi, habelə inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəflənmiş həddindən yüksək olması və ya işsizliyin ötən ilin müvafiq dövrünün göstəricisindən iyirmi faizdən çox artımı) nəticəsində borcalanın ödəmə qabiliyyətində neqativ hallar (son 6 ayda 2 dəfə 30 gündən artıq gecikmə müşahidə edildikdə) müşahidə edildikdə;
borcun ödənilməsi ilə bağlı əlavə ödəniş mənbələrinə (məsələn, əlavə təminat, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması və s.) zərurət yarandıqda;
bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəminin onun (onların) ümumi öhdəliklərinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur;
borcalanın aid olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan mühüm iştirak payına malik olan şirkətlərdən biri müflis olduqda;
– təhlükəli aktivlər üzrə – kredit dosyelərində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcud olmadıqda;
– ümidsiz aktivlər üzrə – fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verildikdə.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button