Mədəniyyət

Bakıda Reza Deqatinin “Krallıqsız Kraliçalar” adlı fotolayihəsinin təqdimatı keçirilib

Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi həyata keçirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində martın 16-da məşhur fotojurnalist Reza Deqatinin gender bərabərliyi mövzusunda “Krallıqsız Kraliçalar” adlı təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Reza Deqati cəmiyyətdə qadınların rolunun önəmindən danışıb. O bildirib ki, fotojurnalist olaraq fəaliyyətə başladığı zamandan gender bərabərliyi mövzusunda işlər görüb, qadınlara bu mövzuda kömək və dəstək göstərib. Fotojurnalist 40 ilə yaxın fəaliyyəti zamanı qadınların öz sözlərini azad şəkildə dünyaya çatdırması üçün çalışıb.

Tədbirdə Reza Deqatinin “Krallıqsız Kraliçalar” adlı fotolayihəsi də təqdim edilib.

Bildirilib ki, bu il “O” Beynəlxalq müasir incəsənət layihəsində əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı qətnaməsinə həsr olunacaq.

Eyni zamanda, noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycanın Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində “www.tobeawoman.az” internet səhifəsi əsasında fəaliyyətlərin davamı olaraq “O” adlı sərgi təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki rolu, sevinc və problemlərinə həsr olunub. Bundan başqa, payızda Latviyanın Azərbaycandakı səfirliyi NATO-nun ölkəmizdəki əlaqələndirici ofisi ilə birgə “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.

Qeyd edək ki, layihənin əsas aparıcı tərəfdaşı Latviyanın Azərbaycandakı səfirliyidir. Digər tərəfdaşlar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin ölkəmizdəki nümayəndəliyi, “UN Women”, BMT-nin İnkişaf Fondu, tanınmış beynəlxalq fotojurnalist Reza Deqati, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, “The Landmark”, Nizami Kino Mərkəzi və “PlatformART” təşkilatıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button